Analitik: Sülh danışıqları artıq Moskvanın nəzarətindən çıxır

Ermənistan Azərbaycanın təklif etdiyi ikitərəfli danışıqlara üstünlük verir
 
 Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin Moskva sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirmək istəyirdi. Lakin görüş alınmadı. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirdi ki, üçtərəfli görüşlə bağlı razılıq əldə olunmayıb. Uşakovun sonrakı cümləsi diqqət çəkib: “Üçtərəfli görüşlə bağlı fikir var idi, ancaq bəziləri tərəfindən dəstəklənmədi”. Əslində isə Bakı və İrəvan arasında sülh sazişi ilə bağlı fikir ayrılıqları mövcud olduğuna görə, görüşə ehtiyac olmayıb. Buna baxmayaraq, dövlət başçısı İlham Əliyev və Nikol Paşinyan ilin əvvəlində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə üçtərəfli görüş keçirmişdilər. Şoltsdan fərqli olaraq Putinin təşəbbüsü baş tutmadı. Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi direktoru Andrey Kortunov deyib ki, belə bir formatı uyğunsuz hesab edən Ermənistan tərəfi olub: "Görürük ki, Ermənistan indi Rusiyanın iştirakı ilə Azərbaycanla sülh danışıqlarına hazır deyil. Aydındır ki, Ermənistan Qərbin vasitəçiliyində maraqlıdır. Onu da görürük ki, Cənubi Qafqazdan uzaqda olan dövlətlər buna necə maraq göstərir və bu regiondakı məsələlərin həllinə hansısa formada qoşulmağa hazırdır. Pis odur ki, onlar çox vaxt bu regionun inkişafına uduşsuz oyun kimi yanaşırlar". Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib ki, Baş nazir Nikol Paşinyanın Moskvaya sonuncu səfəri uydurma olub. Onun sözlərinə görə, "KTMT-ni boykot edib, MDB-yə getmək", "günah Rusiyadadır" deyib Putini ad günü münasibətilə təbrik etmək, “Əliyevlə Qərbdə görüşməyə hazırıq, Moskvada yox” demək Qərbə yaxınlaşmaq üçün narazı və yalançı arzu ilə əlaqəlidir: "İllər keçsə də coğrafiya dəyişməyib və Rusiyadan başqa Ermənistana daha yaxın və əlçatan ikinci “Avropa” yoxdur”.


 Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az”a deyib ki, MDB dövlət başçılarının Moskva sammiti Rusiya üçün növbətçi xarakterli olsa belə görüşün keçirilməsi və Bakı-İrəvan danışıqlarındakı vasitəçilik mübarizəsində irəli çıxması üçün yaxşı fürsət idi. Analitikə görə, böyük ehtimalla Uşakovun dediyi “bəziləri” Ermənistandır: 

"Rəsmi Bakı hələ Putinin Azərbaycana səfəri ərəfəsində danışıqların Moskvada davam etdirilməsinə razı olduğunu bəyan etmişdi, rəsmi İrəvan isə bundan imtina etdi. Çünki Moskva masasında kommunikasiyanın açılması – Zəngəzur dəhlizi Azərbaycan və Rusiyanın gündəliyi uyğundur. Və mümkün üçtərəfli görüşdə İrəvan təzyiq altında qalacaqdı. İstisna deyil ki, Rusiya ondan uzaqlaşan Ermənistanın MDB iclasında iştirakını mövcud vəziyyətdə irəliyə doğru addım hesab edərək, üçtərəfli görüş üçün Paşinyana təzyiq etməyib. Hərçənd, Kremlin sözçüsü Dmitri Peskov Putinin Əliyev və Paşinyanla ikitərəfli görüşdə Zəngəzur dəhlizi məsələsini müzakirə etdiyini açıqlayıb. Putinə “sülhün kəsişməsi” layihəsi ilə bağlı broşür təqdim edən Paşinyan isə yenidən Zəngəzur dəhlizinə qarşı çıxıb. Dəhliz ətrafında intriqalar davam edir və mövqelər arasındakı ziddiyyətlər göstərir ki, regional kommunikasiyanın açılması perspektivi getdikcə çətinləşir".
 
Politoloq Məhəmməd Əsədullazadə də bildirib ki, üçtərəfli görüşdən imtina edən Ermənistan tərəfidir: 
"Bununla da Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçi missiyası bitdi. Ermənistan Azərbaycanın təklif etdiyi ikitərəfli danışıqlara üstünlük verir. Moskvada belə bir görüşə ehtiyac yox idi. Rusiya üçün aktual olan Zəngəzur dəhlizinin açılmasıdır. Putin hər iki liderlə Zəngəzur dəhlizini müzakirə edib. Rusiya dəhlizə nəzarət etmək üçün Paşinyanla danışıqlar aparır. Bu kontekstdə danışıqların müsbət istiqamətdə irəliləyişə gətirib çıxaracağı istisnadır".