Ali Baş Komandanımızın əmrinə müntəzir bu ordu və xalq bütün təhlükələri dəf etmək qüdrətindədir
“Əli azərbaycanlıların qanına batan hərbi cinayətkarları və terrorçuları buraxdırmaq, bölgəni yenidən qan çanağına çevirmək cəhdləri Azərbaycanda hiddət doğurur”
Son zamanlar bəzi Qərb dairələri tərəfindən Azərbaycana qarşı təzyiqlər güclənib. Bu, müxtəlif istiqamətlərdə müşahidə olunur. Xüsusilə, ABŞ, Fransa kimi dövlətlər fərqli bəhanələrlə rəsmi Bakını sıxışdırmağa çalışırlar. Bunun üçün Ermənistan “kartından” da istifadə edilir. Maraqlıdır ki, belə cəhdlər Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi ərəfəsində xüsusilə intensivləşir. COP29 yaxınlaşdıqca, anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri və hücumları daha da güclənir. ABŞ və Avropa ölkələri, o cümlədən "Amnesty International" və "Human Rights Watch" təşkilatları Azərbaycanın COP29-a ev sahibliyindən sui-istifadə edərək, ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürürlər. Bəyanatların eyni zamanda yayımlanması Azərbaycana qarşı son həftələrdə artan hücumların vahid mərkəzdən idarə olunduğunu bir daha göstərir. Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyən qüvvələrin siyasi motivli bu hücumları ölkəmizin beynəlxalq arenada qazandığı uğurlara kölgə salmaq və ölkəmizi nüfuzdan salmaq cəhdidir. Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkilik siyasəti aparıldığının sübutudur.
Millət vəkili Sahib Alıyev "Sherg.az"a deyib ki, dünyanın bir sıra yerlərində rəngli inqilab yolu ilə ideoloji işğal həyata keçirənlərin Azərbaycanın İkinci Qarabağ savaşındakı qələbəsini və torpaqları üzərində suverenliyinin təminini həzm etməmələrinin kökündə eyni siyasəti burada da yeritmək niyyətləri durur. Deputatın sözlərinə görə, əslində, ideoloji işğal bir sıra hallarda fiziki işğaldan daha təhlükəlidir ki, biz onu dost ölkələrdən birinin düşdüyü vəziyyətdə görürük:
"Oxşar işğalçılıq siyasəti bölücü xətlər çəkməklə hazırda bizim regionda da reallaşdırılmağa çalışılır ki, aprelin 5-də Brüsseldə keçirilən üçlü görüşdən sonra bu, daha açıq-ayın görünməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 4-də Cəbrayılda etdiyi xəbərdarlıqdan Ermənistan rəhbərliyi düzgün nəticə çıxarmalı, onları yeni qarşıdurmaya həvəsləndirən ABŞ, Fransa və digərlərinin heç də haymərkəzli deyil, hayalətli siyasət yeritdiklərini və yenə bunun ağrısını çəkəcəklərini anlamalıdırlar. Qərbdəkilər, o sıradan da özünün-özünə yazdığı müraciəti 60 konqresmenə imzalatdıran ABŞ dövlət katibi Blinken də bilməlidir ki, çirkli planları yürüməyəcək. Əli azərbaycanlıların qanına batan hərbi cinayətkarları və terrorçuları buraxdırmaq, bölgəni yenidən qan çanağına çevirmək cəhdləri Azərbaycanda hiddət doğurur. Asimmetrik də olsa, cavabsız buraxılmayacaq. Burada ideoloji işğal mümkünsüzdür. Çünki nə Azərbaycan indiki kimi güclü, nə də hakimiyyət-xalq birliyi indiki qədər möhkəm olub. Müzəffər Ali Baş Komandanımızın əmrinə müntəzir bu ordu və xalq bütün təhlükələri dəf etmək qüdrətindədir".