Ermənistanda ciddi təşviş yaşanır
Böyük ehtimalla yaxın gələcəkdə bu situasiya Ermənistan üçün olduqca təhlükəli, fəlakətli istiqamət ala bilər
Nikol Paşinyanın Moskvaya səfəri zamanı (7-8 oktyabr – red.) davranışları elə təəssürat yaradır ki, erməni baş nazir Rusiya paytaxtına demarş üçün gedibmiş. Bu barədə “Hraparak” nəşrində yayılan məqalədə bildirilib. Nəşr qeyd edib ki, Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi iki bəyanata (“Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” - BMT Nizamnaməsindən kənar sanksiyaların tətbiqi – red.) qoşulmayıb. Paşinyan MDB ölkələri liderlərinin görüşündəki çıxışında açıq mətnlə bildirib ki, heç bir halda Azərbaycana dəhliz, dəhlizə nəzarəti isə üçüncü ölkəyə (Rusiyaya – red.) vermək niyyətində deyil, yəni ruslar ümid etməsinlər. Üçtərəfli Putin-Əliyev-Paşinyan formatlı görüşdən imtina edənin məhz Paşinyan olması ilə bağlı xəbərlər də var. Belə təəssürat yaranır ki, Paşinyan Qərb mərkəzləri qarşısında götürdüyü öhdəliklərə sadiqdir və Rusiya platformasını rədd edir, üstəlik, Ermənistanı addım-addım Rusiyadan uzaqlaşdırır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, İrəvan mətnlə bağlı təkliflər versə də, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yekun sənədi imzalamayıb: "Mənə elə gəlir ki, o, niyə belə etdiyini sizə özü desə, daha yaxşı olar".
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, əslində, Ermənistan hazırda içindən çıxılması çox çətin olan bir geopolitik labirintə düşüb. Analitikin fikrincə, Paşinyan hansı istiqamətə getsə də, son nəticədə geopolitik divara çırpılır:
"Məsələ ondadır ki, ABŞ və Avropa Birliyi Paşinyan hakimiyyətinə Ermənistana təhlükəsizlik təminatı verəcəyini vəd etmişdi. Amma hələlik Qərb belə bir təminat verməyib, üstəlik, Qərbdən Ermənistana verilən maliyyə dəstəyi, hətta hərbi dəstək də Ermənistanın ayaqda dura bilməsi üçün qətiyyən yetərli deyil. Çünki rəsmi İrəvan daha böyük məbləğlərə ümid bəsləyirdi, ancaq ona çox cüzi maliyyə vəsaiti ayrılır. Paşinyan hakimiyyəti ümid edirdi ki, Qərbin dəstəyi ilə həm Ermənistanın təhlükəsizliyini təmin edəcək, həm də Rusiyadan qopub Qərbə sığınmaq planını reallaşdıra biləcək. Amma siyasi bəyanatlardan başqa heç nə ala bilməyib və bu, Paşinyan hakimiyyətini son vaxtlar qorxutmağa başlayıb. Bir müddət öncəyə qədər Rusiyaya səfərindən imtina edən, Moskvanın patronajlığı altında olan qurumlarda iştirakını donduran Ermənistan çox təhlükəli yolla irəlilədiyini anlayıb. İrəvan başa düşür ki, Ermənistana dəstək yetərli deyil və gələcəkdə situasiya dəyişərsə, Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər. Ona görə də son vaxtlar Rusiya ilə qarşıdurma situasiyasını nisbətən yumşaltmağa cəhd göstərir".
Ekspert vurğulayıb ki, Paşinyan hakimiyyəti çalışır ki, Rusiya ilə iplərin tam qoparılmadığını ön plana çəksin: "Nəticədə geopolitik labirint əmələ gəlir. Nə Rusiya ilə yaxınlaşa bilir, nə də Qərblə. Yaxud nə Rusiyadan tam uzaqlaşa bilir, nə də Qərbdən geri dönür. Qalıb ortalıqda. Ona görə də Paşinyanın Rusiyaya səfəri bir az gözlənilməz xarakter daşıyırdı. Amma belə anlaşılır ki, rəsmi İrəvan Rusiya ilə ipləri tam qoparmamaq qərarına gəlib. MDB sammitlərinə və yaxud da Avrasiya İqtisadi İttifaqına münasibətində əməkdaşlığın davam etdirilməsi qərarı verib. Paşinyan hakimiyyəti hələ də Qərbdən ümidini itirmədiyinə görə ABŞ, Avropa Birliyinin və Fransanın təlimatlarını icra etməkdə davam edir. Ermənistan Rusiyanın patronajlığı altında olan bəzi tədbirlərə qatılır, amma həmin tədbirlərdə rəsmi sənədlərə imza atmır. Qərbə mesaj verməyə çalışır ki, iştirak etdim, amma rəsmi sənədlərə imza atmadım. Ermənistan hələ də iki stulda oturmaq cəhdlərindən əl çəkməyib. Rusiyaya müəyyən referanslar edir, mesajlar verir. Qərblə də münasibətlərini qorumağa çalışır, hətta bəzi hallarda Rusiyaya qarşı mövqeyini Qərbə daha baha qiymətə satmaq istəyini büruzə verir. Paşinyan hakimiyyətinin daxilində ciddi panik, çaşqınlıq hökm sürür. Böyük ehtimalla yaxın gələcəkdə bu situasiya Ermənistan üçün olduqca təhlükəli, fəlakətli istiqamət ala bilər. Paşinyan hakimiyyəti Ermənistanı elə bir geopolitik labirintə salıb ki, bu labirintdən çıxmaq rəsmi İrəvan üçün qətiyyən asan olmayacaq".