Axşam söhbəti: “Dünya sülhü yubatmaqda İrəvanın tərəfində deyil”

Qərb də, Rusiya da Cənubi Qafqazda sülhün tərəfdarıdır

Təbii ki, bunu bizi çox istədiklərindən, sülhü sevdiklərindən etmirlər

Ermənistan Qarabağ məsələsində özünü müharibəni yox, sadəcə döyüşü uduzmuş tərəf kimi görür


  Xəbər verdiyimiz kimi, Moskvada 8 oktyabrda keçirilən MDB sammitində Azərbaycan və Ermənistan baş nazirinin görüşü baş tutmadı. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov belə bir görüşün nəzərdə tutulduğunu bildirsə də, “tərəflərdən birinin” razı olmaması səbəbindən görüşün alınmadığını elan etdi. Ermənistanın “Hraparak” nəşri isə yazıb ki, Rusiya lideri Vladimir Putin Azərbaycan və Ermənistan rəhbərlərini Kazanda keçiriləcək BRİKS sammitində bir araya gətirməyi planlaşdırır. İddialara görə, Kazan daha irimiqyaslı platformadır. Yəni Moskvada MDB dövlət başçıları toplanmışdısa, Kazanda Çin və Türkiyə də daxil olmaqla, 34 ölkə rəhbərinin iştirakı gözlənilir. Nəşr daha bir iddia ilə çıxış edib. Bildirilib ki, Moskvada guya üçtərəfli görüş olub, ancaq bu barədə ictimaiyyətə açıqlama verilməsi lazım bilinməyib. Əvəzində isə Kazanda görüşün davam etdirilməsi qərara alınıb. O da vurğulanıb ki, Zəngəzur vasitəsilə kommunikasiyaların açılması ilə bağlı ciddi problem var və hazırda Ermənistan özünü kifayət qədər destruktiv aparır. “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Ovannisyan deyib ki, destruktivlik ondan ibarətdir ki, Ermənistan hesablanmış, səriştəli həll yollarını formalaşdırmır, onu beynəlxalq arenada təbliğ etməyə və bununla da müttəfiqlər qazanmağa çalışmır: "Müharibədən sonra bunu müstəqil şəkildə özümüzə uyğun şəkildə həll etmək üçün çəkimiz və imkanımız yoxdur. Azərbaycanda isə bu resurs var. İndi maksimum mümkün kompromisimizin qırmızı xəttini, bizə sərfəli variantları hesablamalıyıq, tərəfdarlar tapmağa çalışmalıyıq. Bizim etdiyimiz isə bu deyil". 
  Turan İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev "Sherg.az"a müsahibəsində deyib ki, indiki məqamda təşkil olunacaq görüşlərdən, təmaslardan arzulanan nəticələrin hasil olacağı inandırıcı deyil. Politoloqun sözlərinə görə, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır...

 - Mehman müəllim, Moskvada Azərbaycan-Ermənistan rəhbərlərinin görüşü olmadı. İrəvan hökumətini təmaslardan uzaqlaşdıran səbəblər nələrdir? 

 - Məsələ ondadır ki, Azərbaycan və Ermənistan tərəfləri sülh sazişinin imzalanması prosesində fərqli mövqedədirlər. Müqavilə sənədinin 80 faizinin hazır olduğu deyilsə də, razılaşdırılmamış ciddi məqamlar, ziddiyyətli mövqelər qalmaqdadır. Hələ konsensus yaranmayıb. Bu da bir sıra amillərlə bağlıdır. Ermənistan tərəfi çərçivə sənədinin imzalanmasına hazır olduğunu bəyan edir. Ona görə ki, çərçivə sənədində Qarabağ məsələsi, ərazi iddiası ilə bağlı şərt yoxdur. Bunu fürsət bilən Ermənistan sülhün çərçivə sazişini imzalamaqla özünü dünyaya "sülhpərvər, konstruktiv ölkə" kimi göstərməyə çalışırlar. Dünyaya göstərirlər ki, guya İrəvan israrlı olsa da, rəsmi Bakı sülhü istəmir. Azərbaycan isə haqlı olaraq vurğulayır ki, Qarabağ məsələsi, ərazisi iddiaları sülh sənədində öz əksini tapmalıdır. Yəni Ermənistan imzalanacaq hər hansı sənəddə, sazişdə, bəyannamədə Qarabağdan rəsmən imtina etdiyini birmənalı bəyan etməlidir. Söhbət ərazi bütövlüyünün tanınmasından getmir. Sadəcə olaraq İrəvan Qarabağdan birdəfəlik əl çəkdiyini elan etməli və Konstitusiya dəyişikliyinə gedəcəyi ilə bağlı qarantiya verməlidir, öhdəlik götürməlidir. 

 - Paşinyanın Konstitusiya və referendum məsələsinin müzakirəsini 2-3 il qabağa atması nəylə bağlıdır? 

 - Paşinyan hökuməti Konstitusiya ilə bağlı referendumu 2027-ci ildə keçirəcəklərini deyir. Niyə məhz 2027-ci il? Səbəbini heç kim başa düşə bilmir. Referendum müzakirəsi, prosesi özü kifayət qədər vaxt aparır. Özü də söhbət parlamentdən yox, xalq referendumundan gedir. Erməni ictimaiyyəti bu gedişlə 2027-ci ildə də deyəcək ki, "yox, biz qəbul etmirik, razı deyilik". Məsələ olduğu kimi qalacaq. O zaman nə olacaq? Yenidən müharibə başlayacaq? Proses göstərir ki, Ermənistan Qarabağ məsələsində özünü müharibəni yox, sadəcə döyüşü uduzmuş tərəf kimi görür. Hadisələrə müvəqqəti məğlubiyyət kimi yanaşır. Strateji olaraq fikirləşir ki, gələcək zamanda, fürsət düşəndə Qarabağ məsələsini yenidən gündəmə gətirsin. Əslində, bunu gizlətmirlər. Rəsmi Bakı baş verənlərin fərqindədir və ona görə də israrla İrəvan hökumətindən qarantiyalar tələb edir. O baxımdan deyirəm ki, ortada belə ziddiyyətli məqamlar durduğu təqdirdə tərəfləri Putinin, yaxud digər güclərin bir araya gətirməsi mənasız olacaq. Çünki Ermənistan tərəfi real və qalıcı sülhə hazır deyil. 

 - Azərbaycanla yekun sülhə hazır olmayan, bunu istəməyən Ermənistan hökumətidir, yoxsa erməni toplumu? 

 - Mən Ermənistandan olan qeyri-hökumət nümayəndələrinin təmsilçiləri ilə təmaslarda olarkən onlar iddia edirdilər ki, sülhü uzadan Azərbaycan tərəfidir. Deyirdim ki, siz yanlış fikirdəsiz. Şəxsən özüm 2021-ci ildən 2023-cü ilədək, yəni Qarabağda keçirilən antiterror əməliyyatına kimi Avropa nümayəndələrinin vasitəçiliyi ilə müntəzəm olaraq erməni ekspertlərlə ildə 4 dəfə görüşlər keçirirdik. Tək mən yox, bir qrup azərbaycanlı ilə erməni ekspertlərin görüşləri baş tuturdu. Avropada, Gürcüstanda və başqa yerlərdə təmaslar qurulurdu. Ermənistan tərəfdən görüşlərdə iştirak edənlər hakimiyyətin himayəsində olan, hökumətə bağlı şəxslər idi. Onların niyyəti Azərbaycanı gözdən salmaq idi. Mütəmadi dilə gətirirdilər ki, Qarabağ Azərbaycanın ola bilməz. Ermənilərin mövqeləri axıradək destruktiv olub. Sonuncu görüşümüz sentyabrın əvvəlində idi. Tam açıq-aydın görünürdü ki, onların arxasında Ermənistan hökuməti dayanır. Biz Avropa təmsilçilərinə deyirdik ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib. Niyə prosesi uzatmaqda maraqlı olmalıyıq ki? Əksinə, istəyirik ki, indiki status-kvo təsdiq olunsun. İrəvan isə gözləyir ki, nə vaxtsa geosiyasi vəziyyət dəyişəcək, proses onların xeyrinə işləyər. Ermənistanın prosesi uzatma məqsədi budur. Sülhlə imitasiya edərək yüksək tribunalardan Azərbaycanı "etnik təmizləmədə", "işğalda" ittiham edir. Ermənistan hökuməti qeyri-səmimidir. İrəvan hakimiyyətinə təzyiqlər var. Həm Qərb, həm də Rusiya Ermənistana təzyiq göstərir. Hətta 6 oktyabr Praqa görüşündə Fransa Prezidenti E.Makron da Paşinyana təzyiq etmişdi. 

 - Qərb və Rusiya Paşinyana sülh sazişini imzalamağı, yoxsa bunun əksini tələb edirlər? 

 - Əslində, Qərb və Rusiya Cənubi Qafqazda sülhün tərəfdarıdır. Təbii ki, bunu bizi çox istədiklərindən, sülhü sevdiklərindən etmirlər. Müharibə və münaqişə kimi savaşın nəticələri, regionda yaranan yeni status-kvo da Qərbin, Rusiyanın marağındadır. Bölgədə sülh ona görə lazımdır ki, Qərb dövlətləri Cənubi Qafqazda nəhəng iqtisadi, logistik və kommunikasiya layihələrindən faydalanmaq istəyirlər. Buna əngəl törədən amil isə mövcud münaqişədir. Şimal-Cənub, Şimal-Qərb, Şərq-Qərb və digər qlobal enerji, kommunikasiya layihələri dünya iqtisadiyyatının damarlarıdır. Bu damarlar işlək olmalıdır. Əngəl törədən isə Ermənistandır. Bir tərəfdən kənar dövlətlərin, digər yandan da Azərbaycanın siyasi-hərbi, diplomatik təzyiqləri sayəsində Paşinyan hökuməti delimitasiya və digər məsələlərdə müəyyən addımlar atmağa razılıq verdi. Ancaq yenə də müqavimət göstərirlər.

 - Bəs, Qərb dairələrində, beynəlxalq strukturlarda "Qarabağ erməniləri" ilə bağlı Bakıya təzyiqlərin məqsədi nədir? 

 - Müəyyən qüvvələrin bu məsələni məqsədli şəkildə gündəmə gətirməsinin şahidi oluruq. Deməzdim ki, bununla bağlı yekdil münasibət var. Bunu da təşkil edən Ermənistan hökumətidir. Paşinyan hakimiyyəti bu məsələ üzərində aktiv işləyir. Erməni mediasını da bu prosesə cəlb ediblər. Ancaq yenə açıq deyirəm, dünya bu məsələdə İrəvanın tərəfində deyil. Bəzi dairələri bu işə cəlb etməklə Azərbaycan əleyhinə kampaniya aparırlar. Lakin bu məsələ Qərbin qlobal maraqları ilə uzlaşmır. Cənubi Qafqazda neft və nəqliyyat sahəsində transmilli korporasiya maraqları var. Kiminsə kiməsə rəğbəti ola da bilər, olmaya da bilər. Amma burada rəğbətdən, nifrətdən söhbət getmir. Əsas məsələ nəhəng beynəlxalq layihələrdir. Transmilli korporasiyalar maraqlıdırlar ki, bölgədən keçən iqtisadi damarlar işləsin. Müharibə zamanı aldığımız beynəlxalq dəstəyin də əsas səbəbi bu idi. Əvvəl-axır proseslər məntiqi nəticəsinə gəlib çıxacaq. Ermənistan geri çəkiləcək. Bu, qaçılmazdır. Zəngəzur dəhlizi də açılacaq. 

 - Nikol Paşinyan sülh sazişini, digər razılaşmaları 2027-ci ilə, ondan sonraya kimi uzada bilərmi? 

 - Sözün açığı, Ermənistan baş nazirinin həqiqətən sülh istəməsi və mövcud reallıqları dərk etməsi ilə bağlı dəqiq yanaşma yoxdur. Yəni İrəvan hökumətinin tam səmimi olub-olmamasını deyə bilmirik. Paşinyan və onun komandasının sülhlə, Qarabağdan könüllü çıxmış ermənilərlə bağlı bəyanlarının arxasında nəyin dayandığını görmək asan deyil. Hökumətin revanşistlərin mövqeyini dəstəkləyib-dəstəkləmədiyini təhlil etmək çətindir. Ancaq revanşist düşüncəli erməni QHT nümayəndələrinin arxasında dayanan İrəvan hökuməti idi. Ən azından bu məsələlərdə yaxın mövqedə durduqlarını söyləmək mümkündür.