Elman Məmmədov: “Paşinyan növbəti dəfə xam xəyala düşsə, müharibədə onların yerinə amerikalı, fransalı ölməyəcək”
“Yenə ölənlər ermənilər, dağıdılan isə Ermənistan olacaq. Bunu fikirləşsinlər, onun-bunun fitvasına getməsinlər”
Ermənistan tərəfindən ardıcıl "sülh çağırışları" gəlməkdədir. İrəvanın sülh imitasiyasına Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da qoşulub. O, yaxın dörd həftə ərzində Azərbaycanla sülh sazişinin müddəalarını imzalamağa ümid etdiyini deyib. COP29-a qədər razılaşdırılmış maddələr əsasında sülh sazişi imzalanmasının mümkünlüyünü qeyd edib. Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da bəyan edib ki, İrəvan sənədin razılaşdırılmış 80 faizi əsasında Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Təbii ki, Bakı haqlı olaraq yarımçıq sülh sazişinin imzalanmasına razılıq vermir və İrəvandan zəruri şərtləri yerinə yetirməyi tələb edir. Sülh üçün ən böyük əngəl Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Ancaq maraqlı məqam ondan ibarətdir ki, sülh deyə aləmə car çəkən Ermənistan hökuməti mühüm məqamların müzakirəsi üçün Bakı ilə təmaslardan qaçır. Məlum olduğu kimi, Moskvada 8 oktyabrda keçirilən MDB sammitində Azərbaycan liderinin və Ermənistan baş nazirinin görüşü baş tutmadı. Görüşdən imtina edən tərəf isə İrəvan idi. Halbuki real sülh tərəfdarı olan ölkə rəhbərliyi və digər rəsmilər danışıqların davam etdirilməsi üçün heç bir görüş təklifinə "yox" deməməlidir. Bu cür ziddiyyət Paşinyan hökumətinin sülhdə səmimi olmasını şübhə altına alır. "Sherg.az"ın müsahibi millət vəkili Elman Məmmədov da hesab edir ki, Ermənistan hökumətinin ziddiyyətli davranışları onların sülhdən çox uzaq olduğuna dəlalət edir. Deputatın sözlərinə görə, İrəvan köhnə ambisiyalarını davam etdirməklə məşğuldur...
- Elman müəllim, Ermənistanın yarımçıq sülh sazişində israrını necə şərh edərdiniz? Əgər İrəvan həqiqətən sülh istəyirsə, niyə görüşlərdən qaçır?
- Nikol Paşinyanın və onun ətrafı erməni hiyləgərliyini, tülkülüyünü yenidən ortaya atıblar. Özlərinin çoxbilmiş olduqlarını zənn edərək qarşı tərəfi, yəni Bakını aldada biləcəklərini düşünürlər. Çox sadə məntiq var. Sülh ya olur, ya da olmur. Yarımçıq, natamam sülh nə deməkdir? Hansısa sənədə imza atılırsa, orada hər şey tam olmalıdır. Sənəddə hansı maddə əsas kimi əks olunubsa, həmin maddələrin hər biri razılaşdırılmalıdır. Söhbət onsuz da saziş sənədindən kənarda qalmış məsələlərdən getmir. Hazırda müzakirəsi gedən müqavilədə ən mühüm məqamlar yer alıb. Onların müəyyən qisminin açıq, mübahisəli saxlanması gələcəkdə erməni revanşizminin təkrar baş qaldırması deməkdir. Nədir Ermənistanı narahat edən? Niyə tam sənədi razılaşdırmaq istəmirlər? İrəvan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasını dəyişməkdən boyun qaçırır. Əgər bu gün Bakı Qərbin təzyiqləri ilə yarımçıq sənədə imza atmağa razılıq versə, qarşıdakı dönəmdə çox ciddi problemlərlə üzləşə bilərik. Ona görə Azərbaycan Prezidenti birmənalı tələb edir ki, sənəddə əks olunan 16 maddənin hamısı tam razılaşdırılmalıdır. Azərbaycan öz mövqeyini qoruyub və bundan sonra da qətiyyətlə qoruyacaq. Təzyiq bizə yox, İrəvan hökumətinə edilməlidir ki, proseslərdən düzgün nəticə çıxartsın və tələbləri yerinə yetirsin. Qarşıda həll olunmalı mühüm məsələlər var. Sərhədlərin delimitasiya və demarkasiya prosesi getməlidir. 4 kəndin Azərbaycana təhvil verilməsi məsələsi var. Bütün tələblərimiz beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə əsaslanır. Əfsuslar olsun ki, Paşinyan "tülkü Həccə gedir" məsəlində olduğu kimi özünü "sülhməramlı" göstərməkdən o yana keçmir. Sülh istəyirsənsə, niyə görüşlərdən qaçırsan? Sülh istəyirsənsə, niyə ərazi iddialarından birdəfəlik əl çəkmirsən?!
- Ermənistanın silahlanması da sülhə xidmət etmir. Sizcə, ardıcıl silah-sursat alan İrəvanın qayəsi nədir?
- Açıq və gizli şəkildə silahlanan, ağır texnikalarla ordunu təchiz edən, silahlı qüvvələrini gücləndirən bir ölkənin sülhdən dəm vurması qeyri-səmimi yanaşmadır. ABŞ, Fransa, Hindistan, Yaponiya, Koreya və başqa ölkələr Ermənistana müxtəlif növ silahlar verirlər. Kimə qarşıdır bu silahlar? Ermənistan qonşuları Gürcüstana, İrana, Türkiyəyə qarşı silahlanmır. Bütün hərbi hazırlıqlarının məqsədi Azərbaycandır. ABŞ və Avropa ölkələrinin hərbi təlimatçıları erməni əsgərlərini kimə qarşı hazırlayır? Əlbəttə ki, bizə qarşı. Ermənistan ordusu yenidən toparlanaraq gələcək döyüşlərə hazırlaşdırılır. Ermənistan öz xislətindən asanlıqla əl çəkmək niyyətində deyil. Azərbaycan haqlı tərəfdir, Ermənistan kimi işğalçı dövlət deyilik. İrəvanı müdafiə edən, danışıqlarda vasitəçi olmaq istəyənlər, xüsusən ABŞ öz keçmişinə nəzər salsın. Amerika əsgərinin ayağı dünyanın hansı nöqtəsinə dəyibsə, orada qan çanağına çevrilib. Vyetnamda, Koreyada, Əfqanıstanda, Yaxın Şərqdə, Afrikada ABŞ-nin törətdiyi dəhşətli cinayətlər unudulubmu? İndi də Cənubi Qafqaza gözlərini dikiblər. Ermənistanı da əllərində alət kimi istifadə edirlər. Paşinyan növbəti dəfə xam xəyala düşsə, müharibədə onların yerinə amerikalı, fransalı ölməyəcək. Yenə ölənlər ermənilər, dağıdılan isə Ermənistan olacaq. Bunu fikirləşsinlər, onun-bunun fitvasına getməsinlər.
- Paşinyanın konstitusiya və referendum məsələsini 2027-ci ilədək uzatması nəyə hesablanıb? Məsələn, 3 il sonra erməni ictimaiyyəti referendumda "yox" desə nə olacaq?
- Məqsəd prosesi mümkün qədər uzatmaqdır. 3 il az zaman deyil, həmin müddət ərzində erməni ordusu yenidən hazırlanır, silahlanır, təlimlərə cəlb olunur. Qərbin verdiyi vədlərdən ümidlənərək, ruhlanaraq ərazi iddialarından vaz keçməyə tələsmirlər, qəsdən yubadırlar. Niyə 2027-ci ilədək gözləməliyik? Səbəbini bilən varmı? Problem ondadır ki, sülh sazişinin, regionda sabitliyin, qonşularla əməkdaşlığın əslində Ermənistana daha çox lazım olduğu həqiqətini İrəvan hökumətinə başa sala bilmirik. Azərbaycan öz istəyinə nail olub. Məqsədimiz öz torpaqlarımızı işğalçılardan, separatçılardan təmizləmək idi, onu da öz gücümüzə bacardıq. Güclü dövlətimiz, iqtisadiyyatımız, ordumuz var. Ölkəmiz inkişaf yolundadır. Qlobal enerji və nəqliyyat layihələri onsuz da işləyir. Narahatlığı Ermənistan duymalıdır, biz yox.
- ABŞ və bəzi Avropa ölkələrinin, beynəlxalq strukturların "ermənilərin Qarabağa qayıdışını" qabartmasının arxasında hansı məqsədlər dayanır? Bu məsələdə Paşinyan hökumətinin rolu, iştirakı varmı?
- Birinci Dünya müharibəsi zamanı ABŞ, Fransa və başqaları Osmanlını parçalamaq üçün ermənilərdən istifadə etmişdilər. Qərb ermənilərə ərazi, torpaq, dövlət vəd etmişdi. 100 il ötsə də, eyni proseslər təkrar yaşanır. Yenə həmin ölkələr meydandadır və ermənilərdən alət kimi istifadə edirlər. Vədlər də aşağı-yuxarı eynidir. Ermənilərə "Qarabağa qayıtma" sözü verirlər. Erməniləri tarixi Azərbaycan yurduna - Qarabağa köçürən, orada planlı, məqsədli şəkildə məskunlaşdıran da Qərb dövlətləri və Rusiya idi. Bunu da öz maraqları üçün etmişdilər. Ermənilərin xislətini bildikləri üçün onlardan daim istifadə ediblər. Bu gün də onu edirlər. Cənubi Qafqazı qan çanağına çevirmək istəyirlər. Biz də deyirik ki, dədə-baba torpaqlarımız zorla əlimizdən alınaraq orada Ermənistan dövləti yaradılıb. Qərbi azərbaycanlılar haqlı olaraq öz doğma yurdlarına qayıtmaq istəyirlər. Tələb edirlər ki, ən yüksək səviyyədə təminatla Qərbi Azərbaycana geri dönsünlər, orada təhlükəsiz həyat sürsünlər. Əsas tələblərimizdən biri budur. Demək olar ki, hər gün Qərbi Azərbaycan İcması bununla bağlı bəyanatlar yayır, müxtəlif beynəlxalq strukturlara, dövlətlərə, ABŞ-nin fırıldaqçı Dövlət Departamentinə müraciət edirlər. Ancaq ermənilərlə dayıoğlu, xalaoğlu olanlar bunu görməzdən gəlirlər. Əgər hansısa erməni Qarabağda yaşamaq istəyirdisə, belə bir niyyəti vardısa, niyə öz xoşuna oranı tərk edirdi?! Könüllü gedən ermənilərin 90 faizinin cibində Ermənistan Respublikasının və Rusiya Federasiyasının pasportu var idi. Hətta xarici ölkə vətəndaşları olan ermənilər də vardı. Azərbaycanda yaşamaq istəyən erməni vətəndaşlığımızı qəbul etməli və burada qayda-qanunlarımıza tabe olaraq yaşamalıdır.