Ermənistan israrla bundan yan keçəcəksə, alternativ olaraq İran üzərindən keçəcək marşrut dövriyyəyə girəcək
“Zəngəzur dəhlizinin açılmasına razılıq verməyən İrəvan hökuməti Ankara ilə münasibətlərin düzələcəyinə, sərhədlərin açılacağına da ümid etməli deyil. Bu, mümkünsüzdür”
Zəngəzur dəhlizi bütün türk dünyasını bir-birinə bağlayacaq. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu deyib. Nazir vurğulayıb ki, Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə alternativ və onun imkanlarını artıracaq marşrutdur: "Xəzər dənizindən - Azərbaycandan Ermənistan və ya İrana, oradan da Naxçıvan və Dilucuya, İğdıra, Qarsa keçən xətt kimi həyata keçirilən projedir. Azərbaycan tərəfində mühüm hissələr tikilib, Naxçıvanda da mövcud xəttin bərpası işlərinə başlanacaq, Türkiyədə 224 kilometrlik hissənin çəkilişinə gələn ildən başlayacağıq. Xəttin İran və ya Ermənistandan keçəcəyi sualına cavab verən Uraloğlu söyləyib ki, bu danışıqları Bakı aparır: "İran məsələsində xeyli irəliləyiş var, son günlərdə Ermənistan tərəfində də inkişaf görünür. Qarşıdakı prosesdə buna aydınlıq gələcək, ən qısa yolla Azərbaycana, daha sonra türk dünyasına bağlanacağıq". Qeyd edək ki, Zəngəzur dəhlizi təkcə kommunikasiya xətti, nəqliyyat qovşağı yox, Avrasiyanın orta xəttində vacib nöqtələrdən biridir. Yaxın Şərqdə, İran, Suriya, İraqda ciddi dəyişikliklərin olduğu nəzərə alınsa, Zəngəzur dəhlizinin strateji əhəmiyyəti daha da artır. Ona görə də İsrail, ABŞ, Rusiya, Çin, İran və Avropanın bəzi mərkəzlərində bu xətt uğrunda maraqlar kəsişir. Təbii ki, üst-üstə düşən mövqelərlə yanaşı ziddiyyətlər də var. Xüsusən, son bir ay ərzində region ölkələrinin Zəngəzur dəhlizi ilə bağlı müzakirələri intensiv hal alıb. Kremlin mətbuat katibi Dmitri Peskov da Zəngəzur dəhlizi mövzusunun Rusiya prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində müzakirə olunduğunu demişdi.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, Zəngəzur dəhlizini regional, qlobal miqyasda dəyərləndirmək mümkündür. Alim vurğulayıb ki, bu məsələdə çoxşaxəli yanaşmalar və çoxlu ölkələrin, dairələrin maraqları var:
"Azərbaycanın, Türk dünyasının, Çin-Avropa ticarətinin, Rusiyanın bölgə ilə bağlı hesablarını, ticari-iqtisadi hesablarını nəzərə alsaq, Zəngəzur dəhlizinin qlobal əhəmiyyətini görərik. Bu dəhliz Azərbaycanın maraqları baxımından çox stratejidir. Çünki bu dəhliz vasitəsilə həm də Naxçıvanı təcriddən xilas etmiş olacağıq. Eyni zamanda beynəlxalq hüquqdan irəli gələn bir haqqımızdır. Vaxtı ilə Zəngəzurun Azərbaycandan qoparılmasının və Ermənistana verilməsinin səbəbi türk dünyasının hədəf alınmasıdır. Burada iki marşrutdan söhbət gedir. Biri cənub xəttidir ki, Araz üzərindən, Cənubi Azərbaycandan, İran ərazisindən keçib gedən marşrut nəzərdə tutulur. Digəri isə indiki Ermənistan üzərindən keçən dəhlizdir. Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmaya gedərək Zəngəzur dəhlizini açmasa, uzunmüddətli perspektivdə Ermənistanın dövlətçilik problemi yaşaması qaçılmaz olacaq. Ermənistan təcriddən xilas olmayacaq, regional iqtisadi layihələrdə yer almayacaq. Türkiyə ilə münasibətlər də normallaşmayacaq".
T.Nüsrətoğlu bildirib ki, Zəngəzur dəhlizinin açılmasına razılıq verməyən İrəvan hökuməti Ankara ilə münasibətlərin düzələcəyinə, sərhədlərin açılacağına da ümid etməli deyil: "Bu, mümkünsüzdür və Ermənistan üçün böyük bir dalan deməkdir. Ona görə də Ermənistan qısa zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı konstruktiv mövqeyə gəlməlidir. Azərbaycan öz üzərinə düşəni edib, dəmiryolun əhəmiyyətli hissəsi artıq yekunlaşıb. Türkiyə də gələn il fəaliyyətə başlayacaq. İstər-istəməz Zəngəzur dəhlizi açılacaq. Ermənistan israrla bundan yan keçəcəksə, alternativ olaraq İran üzərindən keçəcək marşrut dövriyyəyə girəcək. İstənilən halda dəhliz açılacaq və yükdaşıma qabiliyyəti artırılacaq. Söhbət böyük bir ticarətdən gedir".