Görüşlər istər Londonda olsun, istərsə də Moskvada, bizim mövqeyimiz dəyişmir
ABŞ, Fransa, Rusiya, İran və digər ölkələr hər zaman Azərbaycan-Ermənistan arasındakı münaqişədən bölgəni idarə etmək üçün istifadə ediblər
Ermənistan Prezidenti Vaaqn Xaçatryan növbəti dəfə sülhlə bağlı açıqlamalar verib. Prezident bildirib ki, Ermənistan COP29-a qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışır: "COP29-a qədər onu imzalamaq yaxşı olardı, amma gəlin qabağa qaçmayaq". Ermənistan prezidenti əlavə edib ki, razılaşdırılmalı olan, həll edilməmiş məsələlər qalıb: “Ancaq biz müzakirələrin yekunlaşmasına yaxınlaşırıq”.
Xaçatryan söyləyib ki, xəyallarda yaşamaq Ermənistana yaxşı nəticələr gətirmədi: "Biz praqmatik və realist olmalıyıq. Təkcə Azərbaycanla deyil, bütün qonşularımızla sülh şəraitində yaşamalıyıq". Uzun müddətdir ki, Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması ətrafında müzakirələr gedir. Lakin hələ də imzalanması üçün Ermənistan tərəfindən əməli addımlar atılmayıb. Ermənistan ənənəvi siyasətini davam etdirir. Hazırda apardığı manevrlərlə həm Azərbaycanla guya sülh müqaviləsi imzalamağa hazır olduğunu göstərməyə çalışır, həm də silahlanır, təxribatlar həyata keçirir. Ekspertlərə görə, bunlar sadəcə vaxt qazanmağa hədəflənmiş addımlardır.
Sülh prosesinin gedişatını dəyərləndirən xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a deyib ki, istənilən münaqişənin məntiqi var, yəni münaqişə başlayır, inkişaf edir və sonda həllini tapır. Azərbaycan-Ermənistan münaqişəsini də müxtəlif etaplara bölmək olar. Keçmiş XİN başçısı bildirib ki, hazırda hərbi münaqişə bitib və danışıqlar mərhələsi başlayıb:
"İkinci Qarabağ müharibəsindən sonra masada olan yeganə sənəd 10 noyabr birgə bəyanatıdır. Əslinə qalsa, bu, həm də kapitulyasiya sənədidir. Həmin bəyanatda məğlub Ermənistan öz üzərinə müxtəlif öhdəliklər götürüb. Ancaq onların bir qismi həyata keçirilib, digərlərindən isə İrəvan boyun qaçırıb. Azərbaycan tərəfi məntiqli davranaraq, müharibədən dərhal sonra Ermənistana təklif etdi ki, 5 əsas prinsip əsasında müzakirələr getsin və saziş imzalansın. Əslində, bu 5 prinsip BMT-nin nizamnaməsində olan 5 bənddir. Sülh prosesi bunun əsasında getməlidir. Bizdə bəzən bunu sülh sazişi, çərçivə sənədi adlandırırlar. Ancaq söhbət prinsiplər müqaviləsindən gedir. Yəni gələcəkdə sülh prosesi üçün bir növ hüquqi çərçivə yaradan bir sənəddir. Sırf bu sənəd çərçivəsində heç bir məsələ öz həllini tapmır. Sadəcə, sonrakı danışıqlar üçün istiqamətlər formalaşır. Məsələn, sərhədlərin delimitasiya və demarkasiya prosesi, kommunikasiya, humanitar məsələlər, təzminat, siyasi məsuliyyət və s. məsələlər bu sənəddən sonra müzakirə olunur".
T.Zülfüqarov vurğulayıb ki, işğalı təkcə hərbi müstəvidə aradan qaldırmaq mümkün deyil:
"İstənilən hərbi təcavüzün diplomatik, siyasi, ideoloji və mənəvi məsuliyyət müstəvisi var. Bizə qarşı ermənilərin müxtəlif sahələrdə həmlələri olub. İqtisadi sahədə daim zərər vurublar, ərazilərimizi talan ediblər. Həmçinin ideoloji müharibə də hələ dayanmayıb. Bu da işğalın davamıdır. Ancaq əsas məsələ siyasi məsuliyyətdir. Ermənistanın siyasi elitası açıq şəkildə bəyan etməlidir ki, münaqişənin yaranmasında onların siyasi elitası günahkardır. Ermənistan siyasi məsuliyyətdən irəli gələn təzminat məsələsini Azərbaycanla danışıqlar yolu ilə həll etməlidir".
Sabiq nazir qeyd edib ki, Ermənistan və onların havadarları elə mənzərə yaratmağa çalışırlar ki, sanki iki qonşu ölkə bir-biri ilə dil tapmayıb. Ona görə də onlar iki təhlükəsizlik tezisi irəli sürürlər:
"Bəyan edirlər ki, tərəflər arasında "layiqli sülh" olmalıdır. Yəni məğlub Ermənistan üçün "layiqli sülh" axtarışındadırlar. İki tərəfi də "günahkar" kimi qələmə vermək istəyirlər. Digər tezis odur ki, artıq ərazi, torpaq söhbəti edilmir və "insan hüquqları" adı altında ermənilərin Qarabağa qayıtmasından danışılır. Müxtəlif paytaxtlarda bu mövzuya dair həmlələr təşkil olunur. O cümlədən ABŞ Konqresində təklif edirlər ki, guya ermənilərə ziyan dəyib, Azərbaycan da bu ziyanı ödəməlidir. Başqa bir məsələ Ermənistanın silahlanmasıdır. Cənab Prezident çox doğru olaraq sual edir ki, siz sülh istəyirsizsə, silahlanma nədir? Azərbaycana qarşı silahlanma və təbliğata pullar xərclənilir. Belə məqamda hansı sülhdən söhbət gedə bilər? Biz 5 prinsipdən ibarət sülh sənədini İrəvana təklif etdikdən təxminən 1 ay sonra Paşinyan bəyan etdi ki, bu, çərçivə sazişi olmalıdır. Çərçivə sazişində öhdəliklər olmur. Bu, deklarasiyaya bənzər bir sənəddir. ATƏT-in Minsk qrupu da 30 illik işğal dövründə "münaqişənin həlli üçün prinsiplərin müəyyən edilməsi" ilə məşğul olub. Əgər tərəfləri razı sala bilsəydilər, saziş layihəsini təklif edəcəkdilər. Amma 30 ildə heç bir prinsip razılaşdırıla bilmədi, hamısı uğursuz oldu. İndi də bənzər hadisələr var. Ermənistan özünün "sülhpərvər" görüntüsünü yaratmaq üçün razılaşdırılmış 13 maddə əsasında sazişin imzalanmasını təklif edir. Digər maddələrin sonraya saxlanmasını istəyir. Yəni bizi aldatmağa çalışırlar, sadəlövh zənn edirlər. Bakı isə haqlı olaraq tələb edir ki, Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən istənilən hüquqi akt aradan qaldırılmalıdır. İndi danışıqlar prosesi bu mərhələdədir".
Sabiq XİN başçısı bəyan edib ki, Ermənistanın havadarlarının strateji planları var:
"Onlar bu və ya digər şəkildə hansısa sənədin imzalanmasına nail olmağa çalışırlar. Prosesləri elə qələmə verməyə çalışırlar ki, Azərbaycan-Ermənistan münaqişəsi artıq bitib, sərhədlərin müəyyənləşməsi başlayıb. Bundan sonrakı məsələ isə "Qarabağ ermənilərinin hüquqları"dır. Məqsəd Azərbaycanı müdafiə olunan tərəf kimi təqdim etməkdir. Təbii ki, Azərbaycan bunu yaxşı başa düşür. Bu ssenari Ermənistan və onun havadarları tərəfindən hazırlanıb və onu icra etməyə çalışırlar. Azərbaycan buna qarşı öz siyasi iradəsini nümayiş etdirir və buna imkan verməyəcəyik".
T.Zülfüqarov diqqətə çatdırıb ki, kənar qüvvələr Bakı-İrəvan arasında gedən danışıqlar prosesində bir-biri ilə rəqabət aparmağa çalışır: "Azərbaycan-Ermənistan rəhbərləri, yaxud rəsmilər arasında görüşlər üçün müxtəlif məkanlar təklif edirlər, bəyanatlarda onların adlarının hallanmasına çalışırlar və s. Cənubi Qafqazda maraqları olan güclər köhnə oyunları davam etdirirlər. Azərbaycan bu oyunlarda iştirak etmək niyyətində deyil. Bakının müxtəlif güc mərkəzləri ilə formalaşmış münasibətləri var və heç kəsdən kömək istəmir. Görüşlər istər Londonda olsun, istərsə də Moskvada, bizim mövqeyimiz dəyişmir. Amma Ermənistanın vəziyyəti başqadır. İrəvan Rusiyanın himayədarlıq dövrünü bitirib Qərbin havadarlığına keçməyi planlaşdırır. Ona görə də Ermənistandan ziddiyyətli mövqe sərgilənir. ABŞ, Fransa, Rusiya, İran və digər ölkələr hər zaman Azərbaycan-Ermənistan arasındakı münaqişədən bölgəni idarə etmək üçün istifadə ediblər. Sülhdən çox danışsalar da, onların maraqları ön planda dayanır. Köhnə status-kvonu bərpa etməyə çalışırlar".