Politoloq: Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması elə də uzaq deyil 

Yekun sülh müqaviləsini gözləməyə dəyməz



 Ermənistan Prezidenti Vaaqn Xaçatryan da "Qarabağa ermənilərin qayıtması"ndan danışıb. Prezident bildirib ki, ermənilərin Qarabağa qayıtmasından yalnız Azərbaycanla sülh əldə olunduqdan sonra danışmaq mümkün olacaq. Xaçatryan qeyd edib ki, bu məsələyə real yanaşmaq lazımdır - qayıdışdan danışmazdan əvvəl ilk növbədə təhlükəsizlik məsələləri həll edilməlidir: “Müxtəlif amillər var - təhlükəsizlik və Qarabağ ermənilərinə müəyyən şərtlər (çox güman ki, Azərbaycan vətəndaşları olmalarını nəzərdə tutur – red.) təqdim olunacaq”. Xaçatryan əmindir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla danışıqlar yolu ilə həllə nail olmaq olar. O qeyd edib ki, bu çətinliklər “irəliləməyə” mane olmamalıdır. Xaçatryan Bakıda həbsdə olan cinayətkar erməni separatçı-terrorçular mövzusuna da toxunub, bu istiqamətdə fəal iş aparıldığını vurğulayıb. O, bu səylərin son nəticədə “uğur qazanacağına” əminliyini ifadə edib.
 
 Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan prezidentinin verdiyi bəyanat, əslində, erməni həyasızlığının bariz nümunəsidir. Ekspert vurğulayıb ki, Azərbaycana qarşı törətdikləri cinayətlərdən sonra ermənilərin Qarabağa qayıtmaq istəyinin olması belə deməyə əsas verir: 

"Azərbaycan təbii ki, dünya ictimaiyyətinin diqqətini nəzərə alaraq ermənilərin Qarabağa hansısa şərtlər daxilində qayıda bilməsini qeyd edir. Amma əmin olun, indiki vəziyyətdə bunu heç bir azərbaycanlı ürəkdən və ciddi söyləmir. Erməni vəhşiliklərindən sonra kim ermənilərlə bir yerdə yaşamaq istəyər? Ermənilər azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. İllər ötüb, amma soyqırımların, qətliamların ağrısı azərbaycanlıların yadından çıxmayıb və çıxmayacaq". 
 
 A.Qasımov hesab edir ki, Ermənistan prezidentinin sülh dövründə bu məsələnin baş tutması ilə bağlı iddiası da mümkünsüzdür: 
"Çünki ermənilər bir də risk edib Qarabağa qayıtmazlar. Amma şübhəsiz ki, bu məsələ həmişə gündəmdə olacaq. Ermənistan və erməni lobbisi bu məsələnin aktuallığını itirməməsi üçün əlindən gələni edəcək. Azərbaycanın adekvat cavabı isə Qərbi Zəngəzurda azərbaycanlıların məskunlaşması məsələsi olacaq. Ermənilər qayıdış məsələsini siyasi dividend xatirinə edirlərsə, Azərbaycan dövləti Qərbi Azərbaycan məsələsini real müstəvidə yürüdür. Odur ki, azərbaycanlıların öz yurdlarına qayıtması elə də uzaq deyil, hətta bunun üçün yekun sülh müqaviləsini gözləməyi də düşünmürük".