Abxaziya birbaşa Kremlin nəzarətindədir 

Baş verənlər geopolitik qarşıdurmanın üzə çıxan əlamətləri kimi diqqəti cəlb edir


  Abxaziyada bir neçə gündür etirazlar davam edir, parlament binası yaxınlığında keçirilən aksiya deputatların investisiya fəaliyyəti ilə bağlı Rusiya-Abxaz sazişinə baxmaq və ratifikasiya etmək planları ilə bağlıdır. Deputatlar iclası təxirə salıb, növbəti iclasın vaxtı hələ açıqlanmayıb. Şəhərdəki bütün hökumət binaları etirazçıların əlindədir.
Abxaziya “prezidenti” Aslan Bjaniya baş verən kütləvi etiraz aksiyalarından sonra Suxumidən qaçıb və doğulduğu kəndə - Tamışa sığınıb. 
  Aslan Bjaniya deyib ki,  Abxaziyadakı siyasi böhranın güc yolu ilə həlli sabitliyin daha da pozulmasına gətirib çıxaracaq: “Abxaziya müxalifətinin açıq şəkildə üstünlük verdiyi hərbi həll yolu sabitliyin daha da pozulmasına, iqtisadi itkilərə və humanitar böhrana gətirib çıxaracaq. Sülh yolu ilə həll, əksinə, sabitliyin bərpası, investisiyaların cəlb edilməsi və Abxaziyanın iqtisadi inkişafı üçün şərait yaradacaq”.
  Politoloq Turab Rzayev  isə hesab edir ki, Abxaziyanın Rusiyanın nəzarətinə keçməsinə qarşı çıxan etirazçılar hesab edirlər ki, Rusiya investisiya müqavilələri ilə Abxaziyanın əsas limanları, infrastruktur layihələri və sənaye obyektlərini faktiki olaraq nəzarət altına alır, bununla da, onu öz ərazisinin bir hissəsinə çevirməyə çalışır.
Onun sözlərinə görə, etirazçılar Abxaziyanın getdikcə Rusiyanın bir vilayətinə çevrilməsinə qarşıdır:
“Hazırda Abxaziya inkişaf etməmiş bir vilayət kimi Rusiyanın təsiri altındadır. İnsanlar bu vəziyyəti qəbul etmək istəmirlər. Rusiya əvvəllər Gürcüstana ərazi bütövlüyünün bərpası ilə bağlı yardım edəcəyini vəd etmişdi. Gürcüstan bu prosesdə Rusiyanın razılığını vacib hesab edərək münaqişəni danışıqlar yolu ilə həll etməyi üstün tutur. Sergey Lavrovun “Abxaziya və Cənubi Osetiya Gürcüstanla münasibətləri özü müəyyən edəcək” bəyanatına baxmayaraq, Moskvanın təsiri olmadan bu, mümkün görünmür. Gürcüstan tərəfi də bu vəziyyətdən narahatlıq keçirir, çünki Rusiya bu qurumları müstəqil tərəf kimi tanımaqda davam edir”. (axar.az)
  Politoloq vurğulayıb ki, Abxaziyada gedən proseslərdən asılı olaraq vəziyyət Gürcüstanın xeyrinə dəyişə bilər: “Ola bilsin ki, etiraz aksiyaları genişlənərək, Abxaziyanın sərbəst siyasət yürütmək istəyini ortaya qoysun. Bu halda Tbilisi ilə ortaq razılıq əldə etmək mümkündür.
Digər tərəfdən, bu etirazların Gürcüstanla əvvəlcədən razılaşdırılaraq təşkil olunduğu da ehtimal edilir. Belə olduğu halda Abxaziya Gürcüstanın suverenliyini tanımaqla, öz idarəetmə hüquqlarını qoruyaraq, konfederativ bir modeldə birləşə bilər”. 
  Siyasi şərhçi Elçin Xalidbəyli isə “Sherg.az"a açıqlamasında deyib ki, Abxaziyada baş verənlər geopolitik qarşıdurmanın üzə çıxan əlamətləri kimi diqqəti cəlb edir: 

“Abxaziyada olan separatçı rejim birbaşa Kremlin nəzarətindədir və  Rusiya tərəfindən idarə olunur. Rusiya bu bölgəni guya müstəqil dövlət kimi tanıyıb. Bütün bunları nəzərə aldıqda və Abxaziyadakı etiraz aksiyalarının başlanma səbəbinə diqqət yetirdikdə  baş verənləri  Rusiya-qərb qarşıdurması kimi dəyərləndirmək mümkündür. 
  Sözügedən qanun  Abxaziya ərazisində Rusiya şirkətlərinə daha geniş imkanlar verdiyi üçün etirazçılar bunu bəhanə edərək Rusiyaya bağlı, separatçı  hakimiyyətə qarşı etiraz dalğası başlatdılar. Bunun arxasında qərbin  barmağının olması da istisna deyil. Qərbyönümlü müxalifətin  hakimiyyətə gətirilməsi istiqamətində  bütün Gürcüstan ərazisində etiraz dalğası yaratmaq onların başlıca  məqsədidir. Beynəlxalq hüquqa görə, Gürcüstanın ayrılmaz tərkib hissəsi hesab edilən  Abxaziyada da qərbi dəstəkləyən qüvvələrin Rusiyaya bağlı “hökumət”ə qarşı aksiya keçirməsi də Qərblə Rusiya arasındakı geopolitik qarşıdurmanın tərkib hissəsidir”.