Siyasi dəllallar sammiti siyasiləşdirməyə çalışacaqdılar
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) sosial-demokratlar qrupunun və Almaniyanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Frank Şvabenin və eləcə də Bundestaqın bir sıra digər deputatlarının rəsmi Bakı tərəfindən COP29-a buraxılmaması tamamilə normaldır. Azərbaycanın buna tam haqqı çatır. Çünki istər Şvabe, istərsə də onun AŞPA-dakı bəzi deputat həmkarları davamlı olaraq Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməklə özlərini bizim ölkəmiz üçün “arzuolunmaz şəxs”ə çeviriblər. Öz siyasi karyerasını qatı anti-Azərbaycan fəaliyyəti üzərində quran və "insan hüquqları", "siyasi məhbus" məsələlərini siyasi manipulyasiya və şantaj vasitəsinə çevirən Şvabe kimi "demokratiya" tacirini COP29-a buraxmaq məntiqsizlik olardı.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, rəsmi Bakının Frank Şvabeni və həmkarlarını COP29-a buraxmaması düzgün addımdır. Onun sözlərinə görə, siyasi dəllallıqla məşğul olan və anti-Azərbaycan qüvvələrin, o cümlədən erməni lobbisinin sifarişi ilə hərəkət edən bu təxribatçılar Azərbaycanın ev sahibliyi etdiyi qlobal iqlim sammitinə buraxılsaydılar, onlar fürsətdən istifadə edib bu sammiti də siyasiləşdirməyə çalışacaqdılar:
"Azərbaycanın ünvanına yalnız neqativ fikirlər və əsassız ittihamlar səsləndirməyə vərdiş etmiş Frank Şvabe və onun kimi digər “demokratiya” carçılarının COP29-a buraxılmadıqlarına görə şivən qoparmaları və Almaniya Bundestaqında Azərbaycanda insan hüquqları ilə bağlı "dəhşətli" vəziyyət və COP29-la bağlı müzakirə təşkil etmələri Bakının qərarının haqlı olduğunu göstərir. Şvabenin sözügedən debatda Azərbaycanın əleyhinə isterik çıxış etməsi onu göstərir ki, BMT-nin mötəbər iqlim konfransının (COP29) Azərbaycanda keçirilməsi bir çox bədxahlarımız kimi F.Şvabeni də ciddi şəkildə məyus edib. Şvabenin anti-Azərbaycan isterikası yersiz və mənasızdır. Azərbaycan öz strateji xəttini bundan sonra da davam etdirəcək. Bakı isə artıq altı gündür ki, dünyanın əsas iqlim mərkəzinə çevrilib. 100-ə qədər dövlət və hökumət başçısının, çoxsaylı əcnəbi ekoaktivistlərin, görkəmli ictimai xadimlərin, 3 mindən çox xarici jurnalistin iştirak etdiyi COP29-da aparılan səmərəli müzakirələr və qəbul edilən mühüm qərarlar Azərbaycanın qlobal iqlim böhranı ilə mübarizəyə böyük töhfə verdiyini göstərir. Prezident İlham Əliyevin populyar ifadəsi ilə desək, indi dünya Bakıda toplaşıb. Dünya birliyi Azərbaycanla həmrəydir. Şvabe kimi təxribatçılara, siyasi işbazlara isə COP29-da yer yoxdur".