Çingiz Qənizadə: “İtkin düşmüş şəxslər” adlı qətnamə uğurdur

Bu sənədin qəbulu artıq BMT çərçivəsində Azərbaycanın haqlı mövqeyinin, haqq səsinin eşidilməsi deməkdir



  Bu yaxınlarda isə  BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb. Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb. Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb.
  Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, builki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O bildirib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb.
Qətnamədə eyni zamanda BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub.
  
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə də  “Sherg.az"a açıqlamasında deyib ki,  Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbul edilməsi təqdirəlayiqdir. Onun sözlərinə görə, bu qətnamənin qəbulu  artıq BMT çərçivəsində Azərbaycanın haqlı mövqeyinin, haqq səsinin eşidilməsi deməkdir: 

“Müxtəlif dövrlərdə Azərbaycana  qarşı qərəzli qətnamələrin qəbul edilməsi, xüsusən BMT Təhlükəsizlik Şurasında  anti-Azərbaycan mövqeli məsələlərin müzakirəyə çıxarılması ilə bağlı cəhdlər olub. Amma BMT üzvləri bu məsələyə hər zaman ədalətli və Azərbaycanın maraqlarına uyğun mövqe nümayiş etdiriblər. Sözügedən qətnamənin qəbulu da onu göstərir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyi və Xarici İşlər Nazirliyi  bu məsələ ilə bağlı çox ciddi işlər görüblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının da fəaliyyətini  dəyərləndirmək lazımdır. Bu qətnaməyə 56 ölkənin həmmüəlliflik etməsi də onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə həyata keçirdiyi nifrət, etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti nəticəsində itkin və əsir düşmüş 3800-dən çox Azərbaycan vətəndaşının  taleyinin müəyyənləşdirilməsində onlar da  maraqlıdır və bu məsələdə Azərbaycana dəstək olmağa çalışırlar”.  
 
 Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların problemlərinin dövlətin diqqət mərkəzində olduğunu xatırladan Ç.Qənizadə deyib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yarandığı gündən əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı məlumatların əldə edilməsi və beynəlxalq təşkilatlarda yayılması, eyni zamanda onların ailə üzvləri və yaxınları ilə mütəmadi əlaqə saxlanılması istiqamətində təqdirəlayiq işlər görüb: 
“Mən də 15 il bu Komissiyanın üzvü olmuşam. Komissiya əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir. Eyni zamanda Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür. Müxtəlif dillərdə video-kasetlərin, broşürlərin hazırlanıb beynəlxalq tədbirlərdə paylanmasının  iştirakçısıdır. Vaxtı ilə mən də Dövlət Komissiyasının üzvü kimi  müxtəlif ölkələrdə keçirilən tədbirlərə həmin sənədləri  aparıb, paylayırdım. Görünür, zamanında çəkilən əziyyətlər, görülən işlər öz bəhrəsini  verir”. 
 
 Bir ay müddətində məsələni araşdırıb BMT-nin yenidən bu mövzuya qayıdacağını vurğulayan Ç.Qənizadə bildirib ki, belə bir mərhələdə Azərbaycanın BMT-yə üzv dövlətlərlə əlaqələrini genişləndirməsi və onları sözügedən mövzu istiqamətində ətraflı məlumatlandırmaları labüddür. İnanıram ki, müvafiq qurumlarımız bu işin də öhdəsindən layiqincə gələcək. 
  Ermənistanın məsuliyyətə cəlb edilməsi məsələsinə gəldikdə isə hüquq müdafiəçisi bu istiqamətdə də müvafiq addımlar atıldığını deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana vurduğu zərərlər hesablanır. Bildiyiniz kimi, Azərbaycan büdcəsinə dəyən iqtisadi zərərin, eyni zamanda işğal dövründə yeraltı-yerüstü sərvətlərimizin talanması, təbiətimizin flora və faunasına vurulmuş zərərlərin ayrı-ayrılıqda hesablanması üçün xarici mütəxəssislər də dəvət olunub:
 “Fikrimcə, gələcəkdə  beynəlxalq məhkəmələrdə qaldırdığımız iddialar kifayət qədər əsaslı  olacaq. Həmin iddialara əsaslanaraq hazırlanmış sənədlərin altında dünyaca məşhur, bu sahə üzrə peşəkarlaşmış mütəxəssislərin də adı olacaq. Ümid edirəm ki, bir aydan sonra  Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnaməsi təkrar müzakirəyə çıxarıldığı zaman Ermənistan üzərinə müəyyən öhdəliklər qoyulacaq, əsir və itkin düşmüş  şəxslərin taleyi ilə  Ermənistan dövləti Azərbaycana  kifayət qədər ətraflı və dolğun məlumatlar verməli olacaq.  Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı məlumatları ölkəmizin bütün tələblərinə baxmayaraq, Ermənistan bugünə qədər təqdim etməyib və 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi hələ də məlum deyil. Ümid edirəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizə vurmuş olduğu zərərlərin ödənilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, əsir və itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi və s. sahələrdəki bütün işlərimiz  uğurlu olacaq və müsbət nəticə verəcək”.