Orta Dəhlizi diqqətli səylərlə tam rəqəmsallaşdırılmış və uyğunlaşdırılmış marşruta çevirmək, xərcləri azaltmaq və şəffaflığı artırmaq olar.
"Report" xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi xanım Tatyana Molçan COP29 çərçivəsində təşkil edilmiş “Dayanıqlı, Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
O əlavə edib ki, Xəzər dənizi vasitəsilə Avropa və Asiyanı birləşdirən Orta Dəhliz davamlı və rəqəmsal inkişaf üçün geniş potensiala malik strateji marşrutlardan biridir: "UNECE səmərəli, təhlükəsiz və dayanıqlı nəqliyyat şəbəkələri yaratmaq üçün uzun müddətdir ki, hökumətlərlə əməkdaşlıq edir. Biz transsərhəd ticarəti və problemsiz nəqliyyatı asanlaşdırmaq üçün vacib olan alətlər, standartlar və çərçivələr hazırlamışıq".
Qonağın sözlərinə görə, UNECE regionu boyunca yaxşı strukturlaşdırılmış, səmərəli beynəlxalq nəqliyyat dəhlizləri resurslarla zəngin əraziləri istehsal mərkəzləri və istehlak bazarları ilə birləşdirir, marşrutları şaxələndirmək və vahid tranzit məntəqələrindən asılılığı azaltmaqla iqtisadi dayanıqlığı gücləndirir.
O vurğulayıb ki, sürətli qlobal dəyişikliklər fonunda nəqliyyat və ticarət sektorları tədarük zəncirinin dəyişməsindən tutmuş iqlim təsirlərinə qədər görünməmiş problemlərlə üzləşir ki, bu da nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasına təcili ehtiyac olduğunu vurğulayır.