Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Sherg.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram.

Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür.

Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir.

Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur.

Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir.

Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir.

Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir.

Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir.

Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.

Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.

Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir.

Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir".