Hikmət Babaoğlu: "Azərbaycan və Ermənistan sülh sazişini ikitərəfli qaydada, tamamilə neytral məkanda, zamanda imzalaya bilərlər"
Amma ABŞ-də ortaq mövqe bəyan edilə bilər
Ermənistan sülhü ABŞ-dən dilənir, Azərbaycan isə diktə edir
İrəvan regional aktorlara güvənmir
Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonda baş tutacaq üçtərəfli görüşü dünya mediasının da diqqət mərkəzindədir. Müxtəlif nüfuzlu beynəlxalq media orqanları bu barədə fərqli təhlil və məlumatlar təqdim edirlər. Modern.az xarici mediada görüş barədə dərc edilən xəbər-məqalələri araşdırıb. Məsələn, BBC xatırladıb ki, 2024-cü ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə təkbətək formatda görüş keçiriblər. Nəşr vurğulayıb ki, həmin görüş tərəflərin əvvəlki bütün təmaslarının vasitəçilər və ya beynəlxalq sammitlər çərçivəsində baş tutması fonunda mühüm dəyişiklik kimi qiymətləndirilir. BBC Vaşinqton görüşünü bu diplomatik prosesin davamı kimi dəyərləndirib. "Middle East Eye" portalı yazıb ki, Vaşinqton görüşündə tərəflər sadəcə "niyyət protokolu" imzalaya bilər. Bir sıra KİV-lərdə Azərbaycan və Ermənistan liderləri arasında sülhün çərçivə sazişi, memorandumun imzalanacağı, sülh sənədinin paraflanacağı da iddia olunur. Ümumilikdə, Vaşinqton görüşündən gözləntilər olsa da, tərəflərin sadəcə qarşılıqlı öhdəlikləri əks etdirən "niyyət sənədi" ilə kifayətlənə biləcəyi də vurğulanır.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan liderləri ABŞ-yə sülh yolunda mühüm bir mərhələni - Əbu-Dabi mərhələsini arxada qoyaraq gedirlər. Deputatın sözlərinə görə, bu, öz-özlüyündə nəticə etibarı ilə ABŞ-də sülhün əldə olunması ilə bağlı ortaq bəyanat vermək üçün yetərlidir:

"Sülhün bütün maddələrinin razılaşdırılması ilə bağlı, yəni hazırkı mərhələdə olan layihənin bütün bəndlərinin razılaşdırılması, hətta paraflanması ilə bağlı hər iki tərəfdən müəyyən fikirlər səsləndirilib. Ona görə mümkündür ki, Vaşinqton görüşündə irəliyə doğru addım atılsın. Ancaq bunun hansı formada olacağı başqa məsələdir. Düşünürəm ki, Azərbaycan və Ermənistan sülh sazişini ikitərəfli qaydada, tamamilə neytral məkanda, zamanda imzalaya bilərlər. Amma ABŞ-də ortaq mövqe bəyan edilə bilər. Ermənistan regional aktorlara güvənmir. İrəvan dəfələrlə bəyan edib ki, sülh üçün təminatçı axtarır. Belə çıxır ki, Ermənistan regionda sülhün təminatçısı kimi ABŞ-ni görür. Azərbaycan isə regionda sülhün təminatçısı kimi öz gücünə, iradəsinə arxalanır. Əlbəttə, nəzərə almaq lazımdır ki, ABŞ dünya siyasətini təyin edən güc mərkəzlərindən biri, yaxud birincisidir. O zaman Azərbaycanın maraqları kontekstində də tamamilə məntiqlidir ki, belə bir bəyanat ABŞ-də verilsin".
Parlament üzvü vurğulayıb ki, ABŞ-Ermənistan və ABŞ-Azərbaycan liderlərinin ikitərəfli görüşlərinin ümumi bəyanatdan əvvəl, ya sonra baş tutacağı məsələsi əhəmiyyətlidir:
"Əgər ortaq bəyanatdan sonra keçiriləcəksə, daha yeni perspektivlər, yeni reallıqlar müzakirə oluna bilər. Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti Şuşada çıxış edərkən bunu bəyan etdi. ABŞ Prezidenti D.Tramp Azərbaycan dövlət başçısının Qlobal Media Forumunda səsləndirdiyi fikirləri öz rəsmi "X" səhifəsində paylaşdı. Bu, iki ölkə arasında münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Eyni zamanda ikitərəfli əlaqələrin böyük perspektivlərə malik olduğunu göstərir. Ona görə düşünürəm ki, nə olursa-olsun, belə bir görüşün üçtərəfli qaydada keçirilməsi, sülhlə bağlı razılaşmanın bəyan edilməsi, ya da imzalanması regionda bizi sülhə daha da yaxınlaşdırmış olacaq və bu sülh uzunmüddətli olacaq. Ancaq heç şübhəsiz ki, burada mütləq Zəngəzur dəhlizi, onun iş rejimi, Azərbaycanın tələb etdiyi maneəsiz keçid məsələsinə də aydınlıq gətiriləcək".