"Bu ekstradisiya Suriyanın daxili sabitliyinin möhkəmləndirilməsi və regionda təhlükəsizlik balansının qorunması baxımından əhəmiyyətli addım hesab oluna bilər"
Suriyada saxlanılan 5 046 İŞİD terror təşkilatının üzvü İraqa ekstradisiya edilib. Bu barədə İraqın ədliyyə naziri Xalid Şivani məlumat verib. Onun sözlərinə görə, 60 ölkənin vətəndaşı olan terrorçular Bağdaddakı həbsxanalarda saxlanılacaq: "Köçürülməli olanlar İraqa aparılıb. Son mərhələ qalıb; proses bu gün və ya sabah başa çatacaq".
Mövzu ilə bağlı politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, bu qərar emosional deyil, tamamilə rasional və praqmatik yanaşmanın nəticəsidir:
“Suriya lideri Əhməd əş-Şara əvvəlki mərhələlərdə “İŞİD” və “əl-Qaidə” ilə əlaqəli strukturlarla münasibətlərdə olsa da, sonradan mövqeyini dəyişərək daha çox milli maraqlara əsaslanan, Suriya yönümlü siyasət yürütməyə başlayıb. Onun hazırkı xəttinə nəzər saldıqda, radikal islamçı mövqedən uzaq, daha realist və təhlükəsizlik yönümlü yanaşma sərgilədiyi görünür. Bu baxımdan, 5 046 İŞİD üzvünün İraqa təhvil verilməsi başa düşüləndir və məntiqidir.
Rəqəmin böyük olması onu göstərir ki, söhbət təkcə ayrı-ayrı şəxslərin köçürülməsindən deyil, dövlətlərarası səviyyədə razılaşdırılmış genişmiqyaslı və ciddi bir prosesdən gedir. Bu addımda həm idarəçilik məsuliyyəti, həm də regional təhlükəsizlik baxımından mühüm amillər nəzərə alınıb. Bu səbəbdən ekstradisiya Suriyanın daxili sabitliyinin möhkəmləndirilməsi və regionda təhlükəsizlik balansının qorunması baxımından əhəmiyyətli addım hesab oluna bilər.
Eyni zamanda, bu qərar İraqla münasibətlərin normallaşmasına və əməkdaşlığın dərinləşməsinə də xidmət edir. Ümumilikdə, tərəflər arasında əldə edilmiş razılaşmalar əsasında atılan bu addım regionda təhlükəsizlik mühitinin yaxşılaşdırılması və radikal qruplaşmaların təsir imkanlarının azaldılması baxımından mühüm əhəmiyyət daşıyır”.