Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb.
Bu barədə Sherg.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Milli Məclisin sədri ABŞ və Prezident Donald Trampın regionumuzda sülh və sabitliyin dəstəklənməsindəki roluna toxunaraq, bu çərçivədə Vaşinqton sammiti və onun uğurlu nəticələrini qeyd edib.
Söhbət zamanı Vaşinqtonda sülh sazişinin paraflanmasının və üçtərəfli Birgə Bəyannamənin imzalanmasının regionda sülh və sabitliyin bərpa olunması baxımından mühüm əhəmiyyəti vurğulanıb. Eyni zamanda, TRIPP dəhlizinin regional nəqliyyat bağlantılarının inkişafı, regionda sülh və əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verəcəyi bildirilib.
Milli Məclisin sədri Prezident İlham Əliyevin Vaşinqtona son səfərlərinin, Azərbaycan dövlət başçısının Prezident Donald Trampla görüşlərinin ikitərəfli əlaqələrin inkişafı baxımından tarixi əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin, Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının münasibətlərimizin daha da genişləndirilməsi baxımından mühüm rolu qeyd olunub.
Abraham Hamade Azərbaycan parlamentinin spikerini ABŞ Konqresində görmək arzusunu dilə gətirib.
Qonaq həmçinin Azərbaycanla Ermənistan arasında sülhün əhəmiyyətinə toxunub.
Milli Məclisin sədri ikitərəfli əlaqələrin gücləndirilməsinə və hazırda ölkələrimiz arasında tərəfdaşlığın reallıqlarını əks etdirməyən maneələrin aradan qaldırılması istiqamətində təşəbbüs göstərən Konqres üzvlərinin fəaliyyətini yüksək qiymətləndirərək, bu çərçivədə Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinin həmmüəllifi olmasının əhəmiyyətini vurğulayıb.
O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə toxunaraq, özünün Ermənistan parlamentinin sədri ilə keçirdiyi dörd görüşü qeyd edib.
Görüşdə həmçinin Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlərin inkişafına da toxunulub.