"Artıq Azərbaycan və Ermənistan Rusiyanın orbitindən balanslı şəkildə uzaqlaşmağa çalışır"
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Yüksək səviyyəli danışıqlar, imzalanan sənədlər və verilən mesajlar göstərdi ki, Bakı ilə Vaşinqton arasında əməkdaşlıq artıq keyfiyyətcə fərqli, daha sistemli və strateji məzmun daşıyan mərhələyə daxil olub. İmzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-logistika bağlantıları, süni intellekt və müdafiə sahəsində dərin əməkdaşlığın hüquqi-siyasi çərçivəsidir. Strateji Xartiya çərçivəsində neft, qaz, elektrik enerjisi və interkonnektor layihələrinin genişləndirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq enerji təhlükəsizliyinin geosiyasi əhəmiyyətini artırır. Süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq Xartiyanın ən innovativ istiqamətlərindəndir. AI data mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik bacarıqlarının artırılması, Tədqiqat və İnkişaf mexanizmlərinin qurulması Azərbaycanın texnoloji inkişafını sürətləndirəcəkdir. Təhlükəsizlik əməkdaşlığı çərçivəsində müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığı və humanitar minatəmizləmə sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Bu isə regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Nəticə etibarilə, Vitse-prezident Vensin səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan–ABŞ münasibətlərində yeni və tarixi mərhələnin başlanğıcıdır. Bu tərəfdaşlıq regional sülhün möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və texnoloji transformasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfərin sonunda Vensin Bakını “möhtəşəm” adlandırması və Azərbaycan Prezidentini nüfuzlu lider kimi xarakterizə etməsi də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir. Belə yüksək səviyyəli rəylər, ölkənin qlobal arenada etibarlı və güclü tərəfdaş kimi təqdim olunmasına xidmət edir, həm də regional və qlobal siyasi proseslərdə ölkəmizin rolunu daha görünən edir.
AĞ Partiyanın sədri Tural Abbaslı “Sherg.az”a bildirib ki, Amerika kimi supergücə sahib bir dövlətin ikinci şəxsi olan Vitse-prezidentin Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü bir neçə aspektdən olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, bu, iki ölkə arasında strateji dialoqun yüksək səviyyədə davam etdiyini göstərir:
“Görüşdə regional və qlobal məsələlər, xüsusilə təhlükəsizlik və terrorla mübarizə kimi kritik sahələrin müzakirəsi ABŞ və Azərbaycan arasında həm ikitərəfli, həm də regional əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını ortaya qoyur”.
T. Abbaslı qeyd edib ki, sonuncu dəfə belə səviyyəli səfər ölkəmizə 18 il əvvəl baş tutub. Bu baxımdan Vensin səfəri həm Azərbaycan, həm də region üçün mühüm hadisə sayılır: “Uzun müddət Cənubi Qafqaz regionu Rusiyanın siyasi və iqtisadi, nisbətən isə hərbi təsiri altında dəyərləndirilirdi; bu, supergüclər arasındakı yazılmamış razılaşmaların nəticəsi idi. Odur ki, bu səfəri geopolitik bölgü baxımından da xüsusi əhəmiyyət kəsb edir. Artıq Azərbaycan və Ermənistan Rusiyanın orbitindən balanslı şəkildə uzaqlaşmağa çalışır və bu kontekstdə ABŞ vitse-prezidentinin səfəri region üçün strateji siqnallardan biridir.
Bayden Administrasiyasının Azərbaycana münasibətini nəzərə alsaq, Vensin səfəri ölkəmiz üçün müsbət haldır. Amerika kimi supergücün Azərbaycan kimi kiçik bir dövləti dəstəkləməsi beynəlxalq siyasət baxımından önəmli mesajdır. Lakin burada bir reallığı unutmamaq vacibdir: ABŞ, Çin və Rusiya kimi dövlətlərin dostları yoxdur, onların əsas maraqları var. Buna görə də eyforiyaya qapılıb, ABŞ-ı strateji müttəfiqimiz hesab etmək, Amerika bizim dostumuzdur kimi ifadələr işlətmək düzgün olmaz. Azərbaycanın əsas strateji müttəfiqləri və dostları Türkiyə və Türküstan dünyasıdır. Digər bütün ölkələrlə münasibətlər isə əsasən iqtisadi və diplomatik əməkdaşlıq səviyyəsində qurulmalı, sazişlər imzalanmalı və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməlidir.”