Agentlik: Çörəyin bahalaşacağı ilə bağlı məlumat həqiqətə uyğun deyil

Sosial şəbəkələrdə və müxtəlif internet resurslarında ərzaqlıq buğda və çörəyin bahalaşacağı, eləcə də qıtlıq yaranacağı ilə bağlı yayılan iddialar həqiqətə əks etdirmir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, un və un məmulatları bazarında mütəmadi monitorinqlər həyata keçirilir, əhalinin istehlak səbətində mühüm yer tutan strateji ərzaq məhsullarının qiymət dinamikası daim nəzarətdə saxlanılır.

Agentlik vətəndaşları yalnız rəsmi mənbələrə etibar etməyə, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara qarşı diqqətli olmağa çağırıb.