Azərbaycan Türk dünyası ilə Qafqazı birləşdirən əsas ölkədir - Politoloq

Müasir beynəlxalq münasibətlər sistemində qlobal və regional proseslərin sürətlə dəyişməsi dövlətlər qarşısında yeni çağırışlar və imkanlar yaradır. Belə bir şəraitdə ölkələrin yalnız öz milli imkanlarına deyil, həm də qarşılıqlı əməkdaşlığa, həmrəyliyə və strateji tərəfdaşlığa əsaslanması xüsusi əhəmiyyət kəsb edir.

Xüsusilə ortaq tarixi, mədəni və mənəvi dəyərləri bölüşən xalqların və dövlətlərin birliyi onların beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmlənməsinə şərait yarada bilər. Azərbaycan son illərdə Türk dünyası ilə əlaqələrin inkişafına, Qafqazda əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsinə, eləcə də İslam ölkələri ilə münasibətlərin genişləndirilməsinə xüsusi diqqət yetirir. Bu yanaşma təkcə siyasi və iqtisadi əməkdaşlığı deyil, həm də qarşılıqlı dəstək, təhlükəsizlik və ədalətli beynəlxalq münasibətlərin formalaşdırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini ön plana çıxarır.

Prezident İlham Əliyevin Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər də bu baxımdan diqqət çəkir. Dövlət başçısı birliyin ayrı-ayrılıqda qarşılaşılan çətinliklərin öhdəsindən gəlməkdə və ümumi maraqların qorunmasında mühüm amil olduğunu vurğulayıb. Onun fikirlərində Türk dünyası, Qafqaz və İslam aləminin həmrəyliyinin yalnız regional deyil, daha geniş siyasi və geosiyasi əhəmiyyət daşıdığı ideyası öz əksini tapır. Bu yanaşma Azərbaycanın xarici siyasətində əməkdaşlıq və həmrəyliyin prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirir.

Politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Türk dünyası, Qafqaz regionu və İslam aləmi arasında burada fərqli münasibətlər var:

“Çünki Türk dünyasında əsas təyinedici amil milli kimlikdir. Qafqazda əsasən coğrafi amil ön plandadı. İslam aləmində isə din amili əsas təyinedici faktordur. İlk baxışdan baxdıqda milli, dini və coğrafi fərqlilik görünür. Amma məsələ də odur ki, bu üç fərqli amili birləşdirən əsas faktor din məsələsi, yəni İslam dinidir. Türk dünyasında, Qafqaz regionunda əsas din olaraq İslam hakimdir. İslam aləmində həmrəyliyi təmin etmək üçün məhz həm Türk dünyası, həm də Qafqaz regionunda birlik təmin olunmalıdır. Yəni burada artıq fərqləndirici təyinlər bir kənara qoyulduğunu birləşdirici amil kimi isə din faktorunun ön plana çıxdığını görürük. Azərbaycanın əsas siyasəti də məhz budur. Və burada ən önəmli məsələlərdən biridir ki, Azərbaycan coğrafi olaraq bu regionda yerləşən ölkə kimi həm Türk dünyası, həm də Qafqaz regionunda birləşdirici rol oynayır. Yəni, Azərbaycan olmasa və yaxud da Azərbaycan bu həmrəyliyi təmin etmək üçün səy göstərməsə, o zaman coğrafi olaraq Türk dünyası və Qafqaz regionu arasında birlik təmin etmək mümkün deyil. Bu da olmadığı müddətdə, Türk və İslam aləmində həmrəyliyi təmin etmək çətinləşir. Prezident İlham Əliyev bunu təsadüfən vurğulamır. O çıxışında onu qeyd edir ki, Azərbaycanın Türk dünyasıyla yanaşı, həm də Qafqaz dövləti olaraq bu yaxınlığı təmin edən əsas ölkələrdən biridir”.

Analitik qeyd edib ki, Türk dünyasında və Qafqaz regionunda birlik təmin etmək, ümumilikdə isə İslam aləmində həmrəyliyə nail olmaq yeni geosiyasi şərtlər baxımından önəmlidir:

“Bilirik ki, dünyada İslama qarşı həmişə müqavimə, mübarizə olub. Hətta parçalamaq istiqamətində ciddi səylər göstərilib. İlk öncə, həmrəyliyi təmin etməklə bu kimi kənar təsirləri aradan qaldırmaq olar. Digər tərəfdən isə bütövlükdə İslam aləmində yerləşən müsəlman ölkələrinin birliklərini təmin etməklə geosiyasi fəaliyyətlərdə əsas güclərdən birinə çevrilmək mümkündür. Daha öncə Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün tərkibində dəyişiklik edilməsini təklif etmişdi. Azərbaycan Prezidentinin təklifi belə idi ki, bu 5 daimi üzvün tərkibində dəyişiklik edilməlidir ki, həm də bu kontekstdə geosiyasi proseslərə baxdıqda, İslam aləmində birliyin təmin edilməsi, geosiyasi proseslərdə güc mərkəzlərinə çevrilmək və ortaya bir təsiredici imkanlarını qoymaq baxımından vacibdir. Azərbaycan xarici siyasətini məhz bu kontekstdə qurur. Birlik amilinə vurğulanması məhz bu istiqamətdə çalışmasına işarə edilir. Çünki Azərbaycan əgər bu prosesdə iştirak etməzsə, birincisi, coğrafi olaraq Türk dünyası və Qafqaz regionunu birləşdirmək və ümumiyyətlə, İslam aləmində həmrəyliyə nail olmaq mümkün deyil. İkincisi, bu coğrafiyaya baxdıqda, Azərbaycan kimi bu prosesi uğurla aparan ikinci bir ölkə yoxdur, deyə bilərik. Çünki Azərbaycan Türk Dövlətləri Təşkilatının birləşməsində, inteqrasiyanın dərinləşməsində mühüm rol oynadı. O cümlədən, Qafqazda, hətta Ermənistanla sülh prosesinnə başlayaraq, gələcəkdə Azərbaycan artıq Qafqaz evinin formalaşması, o cümlədən Şimali Qafqazda Çeçenistan, Dağıstan kimi, respublikalarla əlaqələrin qurulmasında mühüm rol oynayıb. Azərbaycan həm də Qafqazın əsas lider ölkəsidir”.