Azərbaycanın Bolqarıstandakı yeni səfiri Elmar Məmmədov etimadnaməsini bu ölkənin Prezidenti İliana Yotovaya təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyi məlumat yayıb.
Mərasim zamanı Elmar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan tərəfinə çatdırıb.
Səfir Bolqarıstanda diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu bildirərək, iki ölkə arasındakı dostluq münasibətlərinin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Etimadnamənin təqdim edilməsindən sonra keçirilən görüşdə İliana Yotova ölkələr arasında ikitərəfli əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında 2015-ci ildə qurulmuş strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti bir daha təsdiqlənib və qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.