Bakı Budapeştin yanındadır: Orban dünyanın Avropadan ibarət olmadığını gündəmə gətirib

Cənab Prezident Macarıstana səfəri zamanı çıxışında Baş nazir Viktor Orban haqqında müsbət fikirlər səsləndirib. O, Avropa İttifaqına üzv olan bir ölkənin milli maraqlarını qətiyyətlə qorumasını əsl qəhrəmanlıq nümunəsi kimi dəyərləndirib. Həqiqətən də, Macarıstan Avropa İttifaqı məkanında milli maraqlarını müdafiə edən, xarici qüvvələrin macar cəmiyyətinə göstərmək istədiyi dağıdıcı təsirləri qətiyyətlə neytrallaşdırmağı bacaran bir dövlətdir. Bu gün Macarıstanda milli və ailə dəyərlərinin qorunması, mənfi təsirlərin qarşısının alınması məhz Viktor Orbanın həyata keçirdiyi siyasətin nəticəsidir. Viktor Orbanın prinsipial mövqeyi, geri çəkilməməsi və Avropa İttifaqı daxilində müstəqil siyasət yürütməsi onun liderliyinin əsas göstəricilərindəndir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, ötən dövr ərzində Avropa İttifaqı imperialist dairələrin alətinə çevrilmiş subyekt kimi davranıb və təşkilatın aparıcı qüvvəsinə çevrilmiş bir neçə dövlətin iradəsi digər üzvlər üçün direktiv olub:
"Bu mənada, ittifaqın nisbətən daha az inkişaf etmiş, yaxud təşkilata sonradan qoşulan üzvləri bir qayda olaraq milli maraq və mənafelərini ifadə edən iradələrini reallaşdırmaq haqqından məhrum olub. Uzun bir dövr ərzində eyni taleyi yaşayan Macarıstan yalnız Viktor Orbanın hakimiyyətə gəlməsi ilə özünün milli maraq və mənafelərini uğurla müdafiə etməyə və nəticədə Qərb imperializminin hədəfinə çevrilməyə başlayıb. Lakin ötən dövrün təcrübəsinə diqqət etsək, Orbanın bu kimi təzyiqləri qətiyyətlə dəf etdiyini və möhtərəm Prezidentin Budapeştdə mətbuat üçün bəyanatında da ifadə etdiyi kimi, Macarıstanı Avropada müstəqil siyasət yürüdən azsaylı dövlətlərdən birinə çevirə bilib. Cənab Orban əslində dünyanın yalnız Avropadan ibarət olmadığını və ilk növbədə dövlət üçün öz xalqının maraqlarının rəhbər tutulmasının vacibliyini gündəmə gətirdi".
Deputat vurğulayıb ki, xüsusən Türk dünyası ilə qurulan əlaqələr Macarıstanın müstəqilliyinin və milli təhlükəsizliyinin qarant elementlərindən birinə çevrilib:
"Bu çərçivədə Macarıstan-Azərbaycan əlaqələri xüsusi qeyd edilməlidir. Çünki Baş nazirin özünün də ifadə etdiyi kimi, macarlar üçün ən çətin məqamda, o cümlədən bu ölkə enerji təhdidi ilə, yaxud qlobal müstəvidə ayrı-ayrı diplomatik böhranlarla üz-üzə qalanda Budapeştə əsas dəstək məhz Bakıdan və Azərbaycan liderindən gəlib".