Bakının mesajı dəqiqdir, təhdidlərin qarşısı istənilən an alınacaq

Ermənilər artıq anladılar ki, revanşist hisslərlə, planlarla yaşamağın heç bir perspektivi yoxdur
Prezident İlham Əliyev 60 illik yubiley günündə ailəsi ilə birlikdə səfər etdiyi Hadrut qəsəbəsində növbəti dəfə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına sərt xəbərdarlıq edib. Hadrutda hərbi hissənin açılışında iştirak edən dövlət başçısı vurğulayıb ki, bu gün Ermənistan ordusu yoxdur. 
Ölkə rəhbəri bəyan edib ki, əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq: “Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi”. Prezident diqqətə çatdırıb ki, Hadrutdakı hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir: “Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bax bu briqadalarda xidmət edəcək. Bu, bizim ordu gücümüzü böyük dərəcədə artıracaq”. 
Dövlət başçısının mesajlarını dəyərləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında deyib ki, Prezidentin fikirləri Ermənistan mediası və ictimaiyyətində ciddi təşviş doğurub. Partiya rəhbəri qeyd edib ki, ermənilər bir daha əyani surətdə görür və anlayırlar ki, revanşist hisslər və planlarla yaşamağın heç bir perspektivi yoxdur: 
“Rəsmi Bakı ölkənin ərazi bütövlüyünü təhdid edən risklərin qarşısını qətiyyətlə alacaq. Dövlət başçısı çıxışı zamanı qeyd etdi ki, Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa çalışarsa, onların sonu İkinci Qarabağ müharibəsindəki kimi olacaq. Soçi və Brüssel görüşlərindən sonra bir qədər ümidlənmiş bəzi ermənilərdə yenidən Hadrutu, Şuşanı geri almaq kimi sərsəm xəyallara birdəfəlik son qoymaq üçün Azərbaycan Prezidentinin belə bir tonda, belə bir qətiyyətlə ifadə olunan xəbərdarlığına həqiqətən də ciddi ehtiyac vardı. Üstəlik, bu xəbərdarlığın həm də məhz Hadrutda Komando tipli hərbi hissənin açılışı ilə müşayiət olunması qarşı tərəfə verilmiş kifayət qədər uğurlu və sərt mesaj idi. Xatırlayırsınızsa, ölkə rəhbəri İlham Əliyev bundan daha öncə də vurğulamışdı ki, Azərbaycan Ordusu Türkiyə ordusu təcrübəsinə əsaslanaraq daha da təkmilləşdiriləcək. Hadrutda sözügedən hərbi hissənin açılması cənab Prezidentin aylar öncə anons etdiyi hədəflərimizdən birinin öz təsdiqini tapmasıdır”. 
Ə.Hüseynov qeyd edib ki, bu istiqamətdə atılmış real addımlar artıq öz nəticəsini göstərir: 
“Bildiyiniz kimi Komando hərbi hissəsində xidmət aparan hər bir əsgərimiz qardaş Türkiyədə təlim keçib. Hadrut qəsəbəsində belə bir hərbi hissənin açılması düşmənə daha çevik surətdə cavab vermək, daha ağır zərbə vurmaq imkanı verəcək. 
Odur ki, erməni tərəfi nə revanşizmə can atmalı, nədəki terror və təxribat planlarını həyata keçirməyə cəhd göstərməlidir. Düşmən bilməlidir ki, Hadrutda Komando hərbi hissəsinin açılması nə Ermənistana, nədəki Xankəndidəki separatçılara bölgədə hər hansı bir terror, təxribat əməlləri üçün zərrə qədər də şans buraxmır. Bu elit hərbi hissə ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün kifayət qədər peşəkarlığa və yüksək döyüş qabiliyyətinə malikdir. Ona görə də Ermənistan rəhbərliyi və separatçılar odla oynamaq niyyətlərindən birmənalı surətdə əl çəkməli, sülh mövqeyinə keçmək haqda düşünməlidirlər. 
Ölkə rəhbərinin çıxışı təkcə erməni revanşistlərinə deyil, onların havadarlarına, Ermənistandan və separatçılardan öz geosiyasi məqsədləri üçün alət kimi istifadə edən bəzi xarici güclərə də açıq mesajdır”.