Böyük Britaniyada siyasi böhran: Starmerə etiraz olaraq bir gündə iki istefa

Böyük Britaniyanın daxili işlər nazirinin müavini Cess Filips hökumət başçısı Kir Starmerlə baxışlarının üst-üstə düşməməsi səbəbindən vəzifəsini tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı xəbər yayımlayıb.

"Leyboristlər hökumətinin fəaliyyət göstərməsində maraqlıyam. Hər zaman etdiyim kimi, onun populyarlaşması və uğur qazanması üçün səylərimi əsirgəməyəcəyəm. Ancaq ölkəmizin tələb etdiyi zəruri dəyişiklikləri müşahidə etmirəm. Bu səbəbdən də mövcud rəhbərliklə nazir müavini postunda fəaliyyətimi davam etdirməyim mümkün deyil", - deyə Filips öz istefa məktubunda qeyd edib.

Beləliklə, o, mayın 12-də kabinetdən gedən ikinci rəsmi şəxs olub. Ondan öncə Böyük Britaniyanın Mənzil, İcmalar və Yerli Özünüidarəetmə naziri Miatta Fahnbulleh də baş nazirin yürütdüyü siyasətə etiraz əlaməti olaraq vəzifəsindən uzaqlaşmışdı.

Qeyd edək ki, Böyük Britaniyadakı mövcud siyasi gərginlik mayın 7-də baş tutan yerli özünüidarəetmə seçkilərinin ardınca yaranıb. Seçkilərin yekunlarına əsasən, iqtidarda olan Leyboristlər Partiyası öz tarixində birinci dəfə Uels Parlamenti üzərindəki nəzarətini əldən verib. Partiya təmsilçiləri müxtəlif qanunverici orqanlarda əvvəlki göstəricilərlə müqayisədə 1400 az mandat əldə ediblər. Kir Starmer bu məğlubiyyətin məsuliyyətini daşıdığını bəyan etsə də, baş nazir və partiya sədri postlarından getməyəcəyini vurğulayıb.

Ötən sutka ərzində parlamentin İcmalar Palatasında Starmerin vəzifədən getməsini istəyən leyborist deputatların sayı iki dəfədən çox çoxalaraq 80 nəfərə çatıb. Hazırda onlar hökumət rəhbərinin istefasını açıq formada tələb edirlər. Baş nazirin fəaliyyətini qənaətbəxş hesab etməyən parlamentarilər düşünürlər ki, Starmerin hökumətin rəhbəri postunda qalması 2029-cu ilin avqustuna qədər təşkil olunacaq növbəti ümumi seçkilərdə partiyanın reytinqinə ciddi zərbə vuracaq. Qeyd edək ki, parlamentin 650 mandatlıq aşağı palatasında Leyboristlər Partiyası 403 deputatla təmsil olunur.

Xatırladaq ki, mayın 11-də daha bir neçə nazir köməkçisi Starmerin hökumətə rəhbərlik etməsinə etiraz edərək tutduqları postlardan imtina ediblər. Baş nazirin siyasi gələcəyinin mayın 12-də səhər saatlarında Nazirlər Kabinetinin iclasında müəyyənləşəcəyi gözlənilirdi.

Həmin toplantının ardınca əmək və pensiyalar naziri Pat Makfadden bildirib ki, hökumətin yüksək rütbəli üzvləri Starmerin istefaya getməsini tələb etməyiblər.