Brüssel İrəvanda mövqelərini gücləndirir: ABŞ və Rusiya ilə rəqabət qızışır!

Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos Ermənistana səfər edəcək. Ermənistan mətbuatında yayılan məlumata görə Marta Kos səfər zamanı may ayında İrəvanda keçiriləcək Ermənistan–Aİ sammitində iştirak edəcək, ölkə rəhbərliyi ilə görüşlər keçirəcək. Məlumatda bildirilib ki, səfərin əsas məqsədi Ermənistanla Aİ arasında əməkdaşlığı gücləndirmək, regional layihələri dəstəkləmək və siyasi dialoqu irəlilətməkdir.

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “Sherg.az”a bildirib ki, Marta Kosun Ermənistana səfərini Avropa Birliyinin Cənubi Qafqazda aktivliyini daha da artırmaq prosesinin tərkib hissəsi kimi dəyərləndirmək lazımdır:

“Kosun səfəri uzunmüddətli və davamlı bir prosesin yalnız bir mərhələsidir. Gözləmək olar ki, Kosun səfərindən sonra yeni təşəbbüslər də olacaq və ümumilikdə Avropa Birliyi Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışacaq.

Bu aktivliyin iki əsas səbəbi var.

Birincisi, AB Rusiya ilə ciddi geosiyasi qarşıdurma şəraitində olduğuna görə, xüsusilə Ermənistanda Rusiyanın təsir imkanlarını zəiflətməyə çalışır.

İkincisi, ABŞ-nin bölgədə, xüsusilə də Ermənistanda mövqelərini gücləndirməyə yönəlmiş addımları Avropa Birliyini qabaqlayıcı siyasət yürütməyə sövq edir”.

Ekspert sonda bildirib ki, Kosun səfərini həm Rusiya, həm də ABŞ ilə geosiyasi rəqabət kontekstində atılan addım kimi qiymətləndirmək mümkündür:

“Ermənistanla AB arasında əməkdaşlıq hələ rəsmi üzvlük mərhələsinə keçməsə də, Ermənistanın Avropa strukturlarına inteqrasiya istiqamətində prosesin içində olduğunu demək olar”.

Belə bir şəraitdə Avropa Birliyinin genişlənmə siyasətinə cavabdeh rəsmisinin Ermənistana səfəri bölgədə geosiyasi balansı Qərbin xeyrinə dəyişmək cəhdi kimi qiymətləndirilə bilər. 

Təbii ki, bu cür səfərlər dərhal geosiyasi reallıqları köklü şəkildə dəyişmir. Lakin ictimai rəy müstəvisində müəyyən təsirlər yarada bilər”.