Hikmət Babaoğlu: “Azərbaycan Prezidenti təkcə Qarabağı deyil, 100 illik tarixi problemi həll etdi ”
Azərbaycanda ictimai rəy sorğularının nəticələri Prezident İlham Əliyevə ictimai etimadın yüksək səviyyədə qaldığını göstərir. Sorğulara əsasən, respondentlərin 87,7 faizi dövlət başçısına etimad göstərdiyini bildirir, 93,6 faizi onun fəaliyyətini müsbət qiymətləndirir, 81,9 faizi isə İlham Əliyevi alternativsiz siyasi lider hesab edir. Bu göstəricilər cəmiyyətdə formalaşan yüksək dəstəyin hansı amillərlə şərtləndiyi məsələsini yenidən gündəmə gətirir. Müşahidələr göstərir ki, Prezident İlham Əliyevə yüksək etimadın əsas səbəbləri sırasında milli maraqların qətiyyətlə müdafiə olunması, dövlətin siyasi, iqtisadi və hərbi gücünün artırılması, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və Azərbaycanın tam suverenliyinin bərpası xüsusi yer tutur. Eyni zamanda, ölkədə sabitliyin və təhlükəsizliyin qorunması, müstəqil xarici siyasət kursunun həyata keçirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və dövlət başçısının liderlik keyfiyyətləri də ictimai dəstəyə təsir edən əsas amillər kimi qiymətləndirilir.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a söyləyib ki, Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadının yüksək səviyyədə olması, əldə etdiyimiz tarixi zəfərlə bağlıdır:
“Nəzərə almaq lazımdır ki, bu etimadın, bu inamın kökü dərindir. Azərbaycan xalqı 2003, 2008, 2013 və 2018-ci illərdə də əslində bu etimadı Azərbaycan Prezidentinə göstərib, onun liderliyinə, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəcəyinə inanıb. Ancaq 2020-ci ildən sonra bu inam və etimad tamamilə fərqli bir mərhələyə yüksəlib. Çünki sözügedən etimad, Azərbaycanın əldə etdiyi tarixi zəfər və bu zəfərin necə qazanılması ilə birbaşa əlaqədardır. Azərbaycan xalqı torpaqlarının işğaldan azad olunacağını gözləyirdi. Ancaq 44 günlük müharibədə qəti və tam qələbənin əldə olunmasının müəyyən ictimai tərəddüdlər var idi. Lakin bizim qələbəmiz sadəcə son 35 ildə yaradılmış problemin həlli ilə yekunlaşmadı. Azərbaycan Prezidenti bir qədər də geriyə baxaraq, əslində 100 illik problemi həll etmiş oldu. Ona görə də biz qələbəmizdən danışarkən onu təkcə 44 günlük Vətən müharibəsi və sonrakı 23 saatlıq antiterror tədbirləri kimi qiymətləndirəndə etimadın niyə bu qədər yüksək olmasının səbəbini daha yaxşı anlaya bilərik. Çünki ərazimizin müəyyən hissəsinin fərqli şəkildə adlandırılması və ona 1923-cü ildə xüsusi "status" verilməsi 100 illik problem idi. Azərbaycan Prezidenti həm də bu 100 illik problemi həll etmiş oldu.
Parlamentari qeyd edib ki, əldə edilən qələbənin necə qazanıldığına da nəzər salmaq lazımdır:
“Müxtəlif formalarda qələbələr əldə etmək olar. Amma bir də var ki, dünyada ən müasir hərbi texnologiyalardan istifadə etməklə XXI əsrin ən modern müharibəsini apararaq qələbəni təmin etmək, düşmənə heç bir şans verməmək, Azərbaycan Ordusunun gücünü dünyaya göstərmək və Azərbaycan xalqının gözləntilərini ən yüksək səviyyədə doğrultmaq. Etimadı doğuran səbəblərdən biri də məhz budur. Ancaq düşünürəm ki, başqa bir məsələ də var. Bu da, şübhəsiz ki, tarixi Zəfərimizlə əlaqədardır, lakin onun bir qədər fərqli -diplomatik müstəvidə təzahür etməsi ilə. Müharibədə qələbə qazanmaq nə qədər çətindirsə, onu diplomatik masada qorumaq da bir o qədər mürəkkəbdir. Azərbaycan Prezidenti müharibədən dərhal sonra beynəlxalq hüquqda yaradılmış süni mexanizmləri, beynəlxalq təşkilatlarda və vasitəçilik institutlarında bu problemlə bağlı qalmış izləri aradan qaldırdı. ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına nail olundu, Azərbaycanın ərazisində nə zamansa yaşamış ermənilərin qayıdışı məsələsi beynəlxalq hüquqi və siyasi leksikondan çıxarıldı. Bunlar da etimadın ən yüksək səviyyədə olmasının əsas göstəricilərindən biridir. Bu tarixi komponentlərin hamısını birlikdə qiymətləndirsək, görərik ki, daha geniş miqyaslı və daha çox respondentin iştirak etdiyi sorğu keçirilsəydi, məncə, daha yüksək rəqəmlər də görmək mümkün olardı. Çünki bu, Azərbaycan Prezidentinin haqq etdiyi tarixi etimaddır”.