Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 7-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrini iyunun 14-də açıqlayacaq. Hazırda bir sıra seçki məntəqələrində səslərin yenidən hesablanması prosesi aparılır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan jurnalistlərlə söhbətində Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə düşüb-düşməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Səsvermənin yekun nəticələri iyunun 14-də açıqlanacaq. Bu mərhələdə yenidən sayma işləri aparılır”, - o bildirib.
Komissiya sədrinin sözlərinə görə, hazırda bir çox seçki məntəqələrində yenidən sayma aparılır. O qeyd edib ki, bunun üçün rəsmi müraciətlər az olsa da, seçki dairələri öz təşəbbüsləri ilə bəzi məntəqələrdə prosesə başlayıblar.
“İrəvanda belə bir mənzərə var ki, demək olar, paytaxtdakı bütün seçki məntəqələri yenidən sayılacaq, çünki “Birlik Qanadları” Partiyası bunu tələb edib”, - Hovkimyan vurğulayıb.
O əlavə edib ki, Mərkəzi Seçki Komissiyasına yenidən sayma üçün “Çiçəklənən Ermənistan” Partiyası, “Güclü Ermənistan” bloku və “Birlik Qanadları” Partiyasından müraciə olub.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.
Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.