Əsas sədaqətdir ! – “Milli maraqları rəhbər tutan kadrlara ehtiyac var”

Sədaqətli, vicdanlı kadrları xalqın da rəğbətlə qarşıladığını müşahidələrə əsasən demək olar”


Azərbaycan Prezidenti İlham Əliyevin Biləsuvar və Saatlı rayon icra hakimiyyətləri başçılarını videoformatda qəbul edib. Dövlət başçısı nitqində bir sıra vacib məsələlərə toxunub. Həmçinin kadr islahatından da danışan Prezident bunun ən prioritet məqamlardan biri olduğunu söyləyib:

 “Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətli insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir.

Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan insanlar önə çəkilməlidir, vətənpərvər insanlar, milli ruhda tərbiyə alan insanlar, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır”. 
 
 Dövlət başçısının bu fikirləri barədə “Sherg.az”a danışan millət vəkili Tahir Kərimlinin fikrincə, vəzifəyə təyin edilən kadrda hər şey əvvəl sədaqət olmalıdır: 

“Mən bir deputat kimi, dövlət başçısının siyasətini dəstəkləyirəm. Bizim korrupsiya, rüşvətxorluqla məşğul olmayan, əksinə, dövlətçiliyi və milli maraqları bütün meyarlardan əsas tutan kadrlara çox ehtiyacımız var.

Əvvəlki vaxtlarda Prezidentin xəbərdarlıqlarına baxmayaraq, qanunsuzluqlara yol verən vəzifəli şəxslər olub və onlar cəzalanıblar. Odur ki, təcrübə kifayət qədər olmasa da olar, əsas sədaqətdir.

Sədaqətli, vicdanlı kadrları xalqın da rəğbətlə qarşıladığını müşahidələrə əsasən demək olar”.