Böyük Britaniya son 30 ildə olduğu kimi, bu gün də Azərbaycanın ən böyük xarici investisiya mənbəyi olaraq qalır.
Teleqraf xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld jurnalistlərlə keçirdiyi görüşdə deyib.
Səfir ölkələr arasındakı iqtisadi əlaqələrin son dörd ildə davamlı olaraq inkişaf etdiyini bildirib:
“Biz iqtisadiyyatın şaxələndirilməsinə - təmiz enerji, infrastruktur, nəqliyyat və peşəkar xidmətlər sahələrinə xüsusi diqqət yetiririk. Azərbaycan üçün nəzərdə tutulmuş 5 milyard funt-sterlinqlik Britaniya İxrac Maliyyəsi (UKEF) imkanı Azərbaycan iqtisadiyyatına olan inamımızın və tərəfdaşlıq iddiamızın göstəricisidir”.
Diplomat işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərində Britaniya şirkətlərinin iştirakını da yüksək qiymətləndirib:
“Hər dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edəndə yeni inkişafın şahidi oluram. Britaniya şirkətlərinin bu prosesin bir hissəsi olması qürurvericidir. “Chapman Taylor” şirkəti Qarabağ, Bakı və Naxçıvanda dünya səviyyəli dizayn təcrübəsini tətbiq edir. bp şirkətinin Cəbrayıldakı “Şəfəq” Günəş Elektrik Stansiyası isə həm yeni iş yerləri yaradır, həm də təmiz enerji istehsalına töhfə verir”.
F.Auld minatəmizləmə sahəsindəki əməkdaşlığa da toxunub:
“Britaniyanın minatəmizləmə şirkətlərinin və QHT-lərinin birbaşa töhfəsi ilə fəxr edirəm. Biz bu sahədə qadınların prosesə cəlb edilməsini də fəal şəkildə dəstəkləyirik. Ağdam və Cəbrayılda mina axtaran itlər və siçovullarla tanışlıq fəaliyyətimin unudulmaz məqamlarından biri idi”.