Hakimiyyətdəki mənbələr: Xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması ehtimalı yoxdur

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Vaqif Çerkezi Xaçatryan, Gevorq Rubenoviç Suсyan, David Tiqrani Davtyan və Vigen Abraham Eulcekciyan Ermənistana təhvil verilib. Bu addımın obyektiv səbəbləri barədə məlumat yayılsa da, sosial mediada aparılan müzakirələrdə hazırda məhkəmə prosesi aparılan şəxslərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalı irəli sürülüb.

Sherg.az xəbər verir ki, APA-nın hakimiyyətdəki mənbələrdən əldə etdiyi məlumata görə, belə ehtimal yoxdur.

"Bu ehtimallar illüziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur", - deyə hakimiyyətdəki mənbə bildirib.

Başqa bir hakimiyyət rəsmisi də qətiyyətlə eyni fikri söyləyib: "Onlar törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər və günahları sübut olunduqdan sonra ən sərt formada cəzalandırılacaqlar".