"ABŞ-İsrail birliyi İranı diz çökdürməyə çalışır”
ABŞ və İran arasında Omanda Tehranın nüvə proqramı ilə bağlı danışıqların birinci raundu başlayıb. Lakin Tehranın görüşdən öncə Rusiya və Çin tərəfdaşları ilə nüvə proqramı barədə diplomatik məsləhətləşmələr keçirdiyi bildirilir. Hadisələr diplomatik təmasa, yol alarkən, ABŞ-nin İrandakı virtual səfirliyi Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. Xəbərdarlıqda, ABŞ hökumətinin köməyinə bel bağlamadan alternativ çıxış planının hazırlanmasının vacibliyi vurğulanıb. Bununla paralel olaraq, ötən gün Ağ Evin mətbuat katibi Kerolayn Livit, D.Trampın ABŞ ordusunun Ali Baş Komandanı kimi İranla münasibətlərdə diplomatiya ilə yanaşı, digər variantları da masada saxladığını qeyd edib. Səsləndirilən bəyanatlar və atılan addımlar ABŞ-İran münasibətlərində gərginliyin hansı mərhələyə daşınacağı ilə bağlı qeyri-müəyyənlik yaradır.
Mövzu ilə əlaqədar politoloq Zərdüşt Əlizadə Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ ilə müqavilə bağlamağın İrana heç bir xeyri toxunmayacaq:
“Amerikanın müqaviləyə əsasən sabit qalacağına inanmırıq. Bunun bariz nümunəsi Barak Obama dövründə ABŞ, Avropa ölkələri və İran arasında nüvə proqramı ətrafında əldə olunmuş razılaşmadır. Donald Tramp hakimiyyətə gəldikdən sonra bu saziş İsrailin tələblərinə uyğun şəkildə ləğv edildi. Keçən ilin yayında tərəflər, Omanda mümkün görüşə hazırlaşdığı bir vaxtda İsrailin İrana zərbələr endirməsi də bu reallığı bir daha təsdiqlədi. Çünki Vaşinqton nə əhd-peymana, nə də beynəlxalq hüquqa hörmət edən dövlət deyil. Məhz bu səbəbdən Tehran, müttəfiqləri Çin və Rusiya ilə məsləhətləşmələr apararaq, siyasi xəttin necə davam etdiriləcəyi barədə razılığa gəlməyə çalışır”.
Politoloqun sözlərinə görə iki terrorçu dövlət birləşib, Yaxın Şərqdə son itaət etməyən, müsəlman ölkəsinə diz çökdürmək istəyir:
“İranın yeni danışıqlara ümid bəsləməməsi də təsadüfi deyil. Rəsmi Tehran anlayır ki, ABŞ İsrailin tələbləri əsasında növbəti hərbi ssenariyə hazırlaşa bilər. İran vaxtilə nüvə silahının yayılmaması haqqında beynəlxalq müqaviləni imzalayıb. Həmin sazişə əsasən, iştirakçı dövlətlər nüvə texnologiyalarından yalnız dinc məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. İsrail isə 100-dən çox nüvə başlığına sahib olmasına baxmayaraq, müqaviləyə qoşulmayıb. İsrail Yaxın Şərqdə qonşu dövlətlərə zərbələr endirir, işğalçı siyasət aparır və mülki əhalini qanına qəltan edir. Lakin beynəlxalq təşkilatlar və aparıcı dövlətlər onun əməllərinə qarşı çıxa bilmirlər”.
Z.Əlizadənin qənaətinə əsasən, İsrailin məqsədi, bütün regionda hərbi-siyasi qüdrəti öz əlinə almaqdır:
“İranın hərbi nüvə proqramı həyata keçirmədiyini həm ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, həm də BAEA rəsmən bəyan edib. Buna baxmayaraq, Tramp İrandan nüvə proqramından imtina etməyi tələb edir. Axı ABŞ kimin adına, hansı hüquqla müstəqil bir dövlətin dinc nüvə tədqiqatları aparmasına qadağa qoyur? Çünki ABŞ yalnız öz maraqlarına xidmət edir. İsrailin məqsədi isə, regionda qüdrəti əlinə almaqdır. Həmçinin Vaşinqton İrandan raket proqramından imtina etməyi də tələb edir. Ballistik raketlər İranın təhlükəsizliyinin əsas təminatçısıdır. Ondan imtina etmək, İranın əllərini qaldırıb, ABŞ və İsrailə təslim olması deməkdir. İranın müstəqil dövlət kimi beynəlxalq hüquq çərçivəsində dinc məqsədlər naminə nüvə proqramı həyata keçirməyə haqqı var”.
Aybəniz Səfərova