İranın parçalanması bölgəmizdə yeni siyasi reallıq yaradacaq - POLİTOLOQ

“Bu halda Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının taleyi və milli hüquqları məsələsi daha açıq şəkildə gündəmə gələ bilər"

“ABŞ və İsrailin İranla müharibəsi təkcə regional münaqişə deyil, daha böyük geosiyasi mübarizənin bir hissəsidir. Bu qarşıdurmanın arxasında dünyanın ən böyük gücləri olan ABŞ, Rusiya və Çin arasında gedən nüfuz savaşı dayanır”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. Politoloq qeyd edib ki, İran uzun illər Qərblə qarşıdurma siyasəti apardığı üçün Moskva və Pekinə daha çox yaxınlaşıb:

“Bu gün İran Rusiya və Çinin Yaxın Şərqdəki əsas dayaqlarından biri kimi çıxış edir. Rusiya İranla hərbi əməkdaşlıq edir, Çin isə enerji və iqtisadi layihələr vasitəsilə Tehranın əsas tərəfdaşlarından birinə çevrilib. Buna görə də ABŞ və İsrailin İran üzərindəki basqısı birbaşa Çin və Rusiyanın bölgədə neytrallaşmasına hesablanıb. Başqa sözlə, İran bu böyük güclərin geosiyasi oyununda ön cəbhədə istifadə olunan alətə çevrilib. Bu proseslərin Azərbaycan üçün də ciddi geosiyasi nəticələri ola bilər”.

V. Əfəndiyev hesab edir ki, İranın zəifləməsi və ya siyasi parçalanması bölgəmizdə yeni siyasi reallıq yarada bilər:

“Bu halda Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının taleyi və milli hüquqları məsələsi daha açıq şəkildə gündəmə gələ bilər. Eyni zamanda İranın regionda təzyiq alətinə çevrilən siyasətinin zəifləməsi Azərbaycanın təhlükəsizliyini qarantiyaya ala bilər. Enerji və nəqliyyat layihələri üçün yeni imkanlar yarana, Azərbaycan birbaşa hörmüz boğazı vasitəsilə Hind okeanına çıxış almaqla regionun əsas strateji qovşaqlarından birinə çevrilə bilər. Bu baxımdan İran ətrafında gedən geosiyasi qarşıdurma təkcə böyük dövlətlərin mübarizəsi deyil, həm də Azərbaycanın gələcək regional mövqeyinə təsir edə biləcək mühüm prosesdir”.