Kremlin “nağıl”ı dəyişməyib ! - “O vaxt Qromıko yalan danışırdı, indi də Şoyqu!”

“Rusiya “inşaat texnikası” nağılı ona görə quraşdırıb ki, rəsmi Bakı bir daha hərbi yük məsələsinə qayıtmasın”


“Bu, şimal qonşumuz üçün sınanmış metoddur”
 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu günlərdə Bakıda olarkən Ermənistana silah göndərilməsi məsələsinə aydınlıq gətirib. Nazir bildirib ki, həmin 400 ton yük Rusiyanın Ermənistandakı hərbi bazalarına göndərilən  hərbi-tikinti materiallarıdır. Onların Ermənistan ordusuna heç bir aidiyyəti olmadığı, Azərbaycan əleyhinə istifadəsinə yol verilməyəcəyi də bildirilib.
 Əlbəttə, həqiqətdir. Görünən dağı nəinki bələdçi, heç müdafiə naziri kölgədə qoya bilməz. Elə isə onun səsləndirdiyi fikirlər nəyə hesablanıb? Şoyqunun göz görə-görə danışdığı yalanların mahiyyətində nə dayanır?



Politoloq Elxan Şahinolu “Sherg.az”a açıqlamasında müdafiə nazirinin dediklərinin əsası olmadığını vurğulayıb:

 “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşür, strateji tərəfdaşlıqdan danışır, sonra da... erməni həmkarı Zöhrab Mnatsakanyana zəng edir və regional vəziyyəti müzakirə edir.

Bu nə tələskənlikdir? Görünür, Lavrov bununla mesaj verir ki, Azərbaycanla iqtisadi və regional layihələr çərçivəsindəki “strateji tərəfdaşlıq” öz yerində, ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqlarının əleyhinə addım atılmayacaq.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Bakıya gələrək bizi inandırmağa çalışır ki, Rusiyadan Ermənistana təyyarələrdə daşınan hərbi yük deyilmiş, Rusiya hərbi bazaları üçün nəzərdə tutulan “inşaat texnikasıydı”. Kreml bu nağılı ona görə quraşdırıb ki, rəsmi Bakı bir daha hərbi yük məsələsinə qayıtmasın”.

E.Şahinoğlu, həmçinin bildirib ki, bu, şimal qonşumuz üçün sınanmış metoddur:

“Sergey Şoyqunun “Rusiya Ermənistana hərbi yük daşımayıb, inşaat texnikası göndərib” açıqlaması 1962-ci ildə baş verən olayda Kremlin bənzər “izahına” oxşayır. Deməli, ABŞ kəşfiyyatı 1962-ci ilin oktyabr ayında müəyyənləşdirir ki, SSRİ Kubada nüvə başlığı daşıya bilən raketlər yerləşdirməyə başlayıb.

ABŞ-ın prezidenti Con Kennedi məsələni aydınlaşdırmaq üçün SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonu Ağ Evdə danışıqlara dəvət edir.  Kennedi məlum yüklər barədə soruşduqda Qromıkonun cavabı eyni ilə Sergey Şoyqunun cavabına bənzəyir:
“Biz Kubaya sadəcə müdafiə məqsədli silahlar göndərmişik”.

Kennedi Qromıkonu qapıdan yola saldıqdan sonra əsəbi şəkildə “əclaf üzümə yalan söylədi” ifadəsini işlədir. Qromıko, həqiqətən, yalan danışırdı. Tarixə “Karib böhranı” kimi düşən hadisə SSRİ-nin Kubada uzaq və orta mənzilli raketlərin yerləşdirilməsiylə əlaqəli idi.

Göründüyü kimi, yalnız adlar dəyişir, o zaman SSRİ idi, indi Rusiya, o zaman Qromıko yalan danışırdı, indi isə Şoyqu, Kremlin siyasəti yerində qalır...”