Macarıstan səfirliyi İranın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına dron hücumlarını kəskin şəkildə pisləyir.
APA xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
"Azərbaycanın təhlükəsizliyinin, suverenliyinin və beynəlxalq hüquq normalarının bu cür qəbulolunməz şəkildə pozulması regional sabitliyə xələl gətirir. Macarıstan Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir.
Yaralananların tezliklə sağalmasını arzulayırıq", - məlumatda qeyd edilib.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.