"Bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yeni imkanlar açır”
İtaliyanın baş naziti Giorgia Meloninin Azərbaycana səfəri Bakı ilə Roma arasında strateji tərəfdaşlığın növbəti mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə diplomatik münasibətlərin inkişafı baxımından deyil, həm də enerji, ticarət və investisiya sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev bu səfərin Azərbaycan-İtaliya dostluq münasibətlərinin inkişafına növbəti töhfə verəcəyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Meloninin regiona səfər çərçivəsində Azərbaycana gəlməsi ölkəmizə verilən önəmin göstəricisi olmaqla yanaşı, iki ölkə arasında qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın bariz ifadəsidir: “Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün (4 may-red) Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür”.
G. Meloninin Azərbaycana səfəri fonunda İtaliya- Azərbaycan əlaqələrini şərh edən siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Sherg.az-a bildirib ki, bu səfər fonunda Azərbaycan-İtaliya münasibətləri həm siyasi, həm də iqtisadi müstəvidə daha da genişlənəcək:
“İtaliya ilə Azərbaycan çox yaxın dost və tərəfdaş ölkələrdir.Tərəfdaşlığımızın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır.
Avropanın ən qədim və zəngin sivilzasiya və mədəniyyət mərkəzlərindən biri olan, öz dövlətçilik irsi ilə dünya siyasətinə öz demokratik ənənələrini təqdim edən İtaliya Respublikası ilə Azərbaycan arasında münasibətlərin tarixi keçmiş dövrlərə təsadüf edir. Hələ orta əsrlərdə Səfəvilər, Ağqoyunlular dövlətləri ilə qurulmuş sıx əlaqələr tarixi diplomatikyanın zənginliyindən xəbər verir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə yaxşı əlaqələr quran rəsmi Roma müstəqil resppublikamıza maraq göstrəmiş, Bakıda İtaliyanın diplomatik təmsilçiliyinin fəaliyyətə başlaması ilə iqtisadi-siyasi münasibətlərin əsası qoyulmuşdur. Paris Sülh konfransında Azərbaycan üzərində mandat da məhz İtaliyaya verilmişdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İtaliya Respublikası ilə ölkəmiz arasında rəsmi əlaqələr qurulmuş, Ümummilli lider Heydər Əliyevin 1997-ci il sentyabrın 24-27 tarixlərində İtaliyaya rəsmi səfəri müstəqil Azərbaycan Respublikası Prezidentinin ilk rəsmi olmaqla çox mühüm siyasi məna kəsb edib”.
İtaliya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursunun əsas prioritetlərindən olduğunu xatırladan professor bildirib ki, Azərbaycanın dövlət başçısının çoxsaylı səfərləri, xüsusilə də 2014-cü və 2020-ci ildəki səfərləri zamanı imzalanmış iki Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın istiqamətlərinə güclü zəmin yaradıb: “Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsi rəsmi Romanın xarici siyasət kursunda həmişə ön planda olub. İtaliya şirkətləri hazırda Qarabağ və Şərqi-Zəngəzurda müxtəlif investisiya layihələri həyata keçirməkdədir.
Azərbaycanın Birinci Vitse-prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəal “mədəniyyət diplomatiyası” yürüdərək zəngin İtaliya mədəni intibahına öz dərin töhfələrini vermişdir. Fond tərəfindən İtaliyada tarixi mədəni irs bərpa edilib.
Mayın 4-də ölkəmizdə səfərdə olan İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə Prezident İlham Əliyev arasımda keçirilən görüşlər Azərbaycan-İtaliya münasibətlərinin inkişafını əks etdirən mühüm hadisə olmaqla yanaşı, strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün tarixi fürsət hesab edilə bilər.
Bu səfər Azərbaycan-İtaliya münasibətlərinin daha da yüksəlməsində misilsiz rol oynayacaq. İtaliya Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin inkişafında da mühüm rol oynayır. Bu ölkə Aİ daxilində Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab olunur. Ümumilikdə, iki ölkə rəhbərləri arasında olan dialoq bütün sahələrdə əməkdaşlığın genişlənməsinə müsbət təsir edir. Bu ilin əvvəlində hökumətlərarası komissiyanın iclasının keçirilməsi də əlaqələrin sistemli şəkildə inkişaf etdiyini göstərir. Demək olar ki, Meloninin Azərbaycana səfəri iki ölkə arasında münasibətləri daha da gücləndirəcək. Bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yeni imkanlar açır”.