Naqif Həmzəyev: İlham Əliyevə yüksək etimad uğurlu siyasətin nəticəsidir

İctimai rəy sorğusu cəmiyyətin dövlət siyasətinə inamını göstərir

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasi kurs Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artmasına və ölkənin müsbət imicinin möhkəmlənməsinə şərait yaradıb". 

Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. 

Onun sözlərinə görə, bu gün Azərbaycan yüksək iqtisadi inkişaf göstəriciləri, tolerantlıq və humanizm prinsiplərinə əsaslanan dövlət siyasəti, eləcə də milli-mənəvi dəyərlərinə və zəngin mədəni irsinə sadiqliyi ilə beynəlxalq aləmdə tanınır:

" MEDİA-nın keçirdiyi ictimai rəy sorğusunun nəticələri Prezident İlham Əliyevə yüksək ictimai etimadı əks etdirməklə yanaşı, Azərbaycan cəmiyyətinin siyasi prosesləri sağlam və rasional şəkildə qiymətləndirdiyini də nümayiş etdirir. Sorğunun nəticələri göstərir ki, vətəndaşların mövqeyi qısamüddətli emosiyalar və ya təsadüfi təsirlərdən deyil, son illərdə ölkədə əldə olunmuş real nəticələrin qiymətləndirilməsindən qaynaqlanır. Dövlət təhlükəsizliyinin təmin olunması, suverenliyin möhkəmləndirilməsi, ölkədə sabitliyin qorunması, müstəqil xarici siyasət kursunun uğurla həyata keçirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi ictimai rəyi formalaşdıran əsas amillərdir. Sorğunun əsas mesajlarından biri cəmiyyətin dövlət idarəçiliyini konkret nəticələr əsasında qiymətləndirməsi və siyasi proseslərə rasional yanaşmasıdır. Əldə olunan göstəricilər təkcə mövcud ictimai əhval-ruhiyyəni deyil, eyni zamanda Azərbaycan cəmiyyətində milli maraqlar, dövlətçilik prinsipləri və uzunmüddətli inkişaf prioritetləri ətrafında formalaşmış ictimai həmrəyliyi də əks etdirir".

 Naqif Həmzəyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər keçən gün daha da güclənir və inkişaf edir. Onun sözlərinə görə, dövlət başçısına göstərilən yüksək ictimai dəstəyin əsas səbəbi də məhz ölkənin əldə etdiyi uğurlar və həyata keçirilən məqsədyönlü siyasətdir:

" 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı sürətlə təmin olunur. Bu proses Prezident İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Ölkənin makroiqtisadi göstəriciləri də həyata keçirilən siyasətin uğurlarını təsdiqləyir. Rəsmi məlumatlara əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları 80 milyard ABŞ dollarını ötüb, xarici dövlət borcu isə ÜDM-in cəmi 6,3 faizini təşkil edir ki, bu da ölkənin maliyyə dayanıqlığının göstəricisidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP layihələri, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycanın enerji və nəqliyyat sahəsində strateji mövqeyini gücləndirib, Avropa ilə əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə töhfə verib. 2004–2023-cü illərdə icra olunan regional inkişaf proqramları çərçivəsində ölkə üzrə 100 milyard manatdan artıq investisiya yatırılıb, minlərlə sosial infrastruktur obyekti, o cümlədən 3 630 məktəb və 760-a yaxın səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub".

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatında fəal rolu, həmçinin Avropa İttifaqı ilə strateji tərəfdaşlığın inkişafına verdiyi töhfələr Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə və regional əhəmiyyətinin artmasına xidmət edir.