Naxçıvanın muxtariyyət hüquqları Konstitusiyadan çıxarılmalıdır - Heydər Oğuz

 Ekspert vurğulayıb ki, Qars və Moskva müqavilələri Azərbaycanın suverenliyini şübhə altına altına aldığı üçün çıxarılıb

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişib.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununda əksini tapıb.

İndiyə qədər qüvvədə olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsində qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub.

Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Siyasi şərhçi Heydər Oğuz Sherg.az-a deyib ki, Azərbaycanın xüsusiyyətindən biri onun unitarlığıdır:

“Unitar dövlətdə muxtar vilayətlərin və yaxud muxtar respublikanın olması uyğun deyil. Çünki bu zaman unitarlıq pozulur. Unitarlıq odur ki, bir dövlət , bir mərkəzi olur. Yəni onun muxtar ərazisi, imtiyazlı bölgəsi ola bilməz. Hətta bütün rayonlar eyni imtiyazlara, səlahiyyətlərə malik olur. Naxçıvanın muxtar respublika olması, Azərbaycan Konstitusiyasına uyğun deyildi və mütləq dəyişdirilməli idi. İkincisi, Naxçıvana muxtar respublika adının verilməsi Moskva və Qars müqavilələrinə əsaslanırdı. Moskva və Qars müqavilələri o dövrə uyğun yazılmışdı. Niyə Naxçıvanda Muxtar Respublika yaradılmışdır? Çünki ermənilər oraya iddia edirdilər. Onda Türkiyə ortaya çıxmış və erməniləri orada qovmuşdu. Digər tərəfdən Qars müqaviləsində göstərilirdi ki, Naxçıvan müxtar ərazidir. Muxtar ərazi ayrı, müxtar respublika isə ayrı statusdur. Hətta ərazi rayon deməkdir və ondan daha aşağı bir statusu var. Digər tərəfdən sözügedən müqavilə təkcə Azərbaycan və Türkiyə arasında bağlanmayıb. Müqaviləni içərisində Rusiya və Ermənistan olan 5 dövlət bağlamışdı. Burdan da sual ortaya çıxır ki, mənim dövlət quruluşum niyə başqa dövlətlərin iradəsi ilə müəyyən edilməlidir? İstər-istəməz bu həm də suverenliyimizə xələl gətirir”.

Analitik söyləyib ki, muxtar statuslar adətən milli azlıqlara, öz milli kimliklərini qorumaq üçün verilir:

“Naxçıvanda başqa millətlərdən 3-4 nəfər ola bilər, amma əsas əhali azərbaycan türkləridir. Deyirdilər ərazi olaraq Naxçıvan Azərbaycandan ayrı düşübdür, yəni bir anklav vəziyyətində olduğuna görə ona muxtariyyatlıq vermək lazımdır. İndi belə çıxır ki, hər esklava və ya anklava muxtariyyatlıq verilməlidir, bu, qaneedici arqument deyil. Yəni, Naxçıvana muxtariyyatlıq adının verilməsi bu günkü reallığa uyğun deyil və bizim ehtiyaclarımızla cavab vermir. Hər Azərbaycanla qapalı düşən bölgəmizə müxtariyyatlıq versək, bu iş ölçüyə sığmaz”.

H.Oğuz bildirib ki, Naxçıvanın muxtariyyət hüquqları Konstitusiyadan çıxarılmalıdır:

“Hesab edirəm ki, preambulada göstərilən, Qars və Moskva müqavilələrinə istinadların Naxçıvan Konstitusiyasından çıxarılması irəliyə doğru bir addımdır. Amma yenə də ciddi problemlər var, o da Naxçıvanın muxtariyyətliyidir. Naxçıvanın, Azərbaycanın bir Konstitusiyası olmalıdır. İki Konstitusiyalı dövlət yoxdur. Ona görə Naxçıvanın Konstitusiyasının olması da düzgün fikir deyil. Düşünürəm ki, bu da bir müddətdən sonra həll olunacaq”. 

 Ekspert sonda vurğulayıb ki, Qars və Moskva müqavilələri Azərbaycanın suverenliyini şübhə altına altına aldığı üçün çıxarılıb.