Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Sülh Şurasının iclasında iştirak üçün 17-19 fevral tarixlərində Vaşinqtona işgüzar səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
Şuranın ilk zirvə görüşü ABŞ Sülh İnstitutunda keçiriləcək və Qəzza zolağının yenidən qurulması, ona humanitar yardımın göstərilməsi, regionda sülh və sabitliyin təmin edilməsinə həsr olunacaq.
Səfərin işgüzar proqramı çərçivəsində Özbəkistan Prezidentinin aparıcı Amerika şirkətləri və maliyyə qurumlarının rəhbərlərinin iştirakı ilə strateji layihələrin təqdimatında, eləcə də iqtisadi sahədə ikitərəfli sənədlərin imzalanması mərasimində iştirakı gözlənilir.
Xatırladaq ki, Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılıb. Azərbaycan bu ilin yanvar ayında İsveçrənin Davos şəhərində təsisçi üzv kimi ona qoşulub.