Parlamentari: TDT-nin yüksəlişi göz önündədir

Yeni mərhələ daha ciddi siyasi və hərbi inteqrasiyadır
“Türk Dövlətləri Təşkilatı NATO və Aİ ilə eyni səviyyəyə yüksəlir - Qəbələ Sammiti yeni dövrün başlanğıcıdır”
Türk Dövlətləri Təşkilatı təkcə mədəni inteqrasiyanın deyil, həm də siyasi koordinasiyanın və təhlükəsizlik əməkdaşlığının önəmli platformasına çevrilib. Avrasiya enerji yolları, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, Böyük İpək Yolunun bərpası kimi layihələrdə Türk dövlətlərinin strateji mövqeyi təşkilatın qlobal güc balansında əhəmiyyətini artırır. Qəbələdə keçirilmiş Zirvə Görüşünün əsas mövzusu olan “Regional sülh və təhlükəsizlik” istiqaməti də məhz bu zərurətdən qaynaqlanır. Bu, Türk Dövlətləri Təşkilatının müstəqil təhlükəsizlik gündəliyi formalaşdırmaq niyyətində olduğunu göstərir. Gələcəkdə isə təşkilat çərçivəsində birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı, kibertəhlükəsizlik, strateji informasiya mübadiləsi mexanizmlərinin yaradılması reallığa çevrilə bilər. Türk Dövlətləri Təşkilatı yalnız siyasi və iqtisadi əməkdaşlıq üçün yaradılmış qurum deyil. Eyni zamanda, türk sivilizasiyasının mədəni kodlarının müasir dövrün çağırışlarına uyğunlaşdırıldığı siyasi formadır. Türk sivilizasiyası tarix boyu bəşəriyyətə elm, dövlətçilik, hərb, hüquq, incəsənət və mədəniyyət sahələrində böyük töhfələr verib. Tarixin bütün dönəmlərində türklər zəngin dövlətçilik ənənələri, hərbi gücü, elm və incəsənətə verdiyi töhfələri ilə seçilib, bəşər sivilizasiyasının inkişafında özünəməxsus iz qoyublar. Bu sivilizasiya zəngin dövlətçilik ənənələri, elm və mədəniyyətə verdiyi nailiyyətlərlə bəşəriyyətin inkişafında mühüm rol oynayıb. Azərbaycan xalqı da bu böyük sivilizasiyanın önəmli parçası olaraq həm ondan faydalanıb, həm də öz töhfələrini verib. Bu baxımdan, TDT-yə üzv ölkələrin mədəniyyət, təhsil və informasiya sahələrində əməkdaşlığı prioritet istiqamətlərdəndir. Paytaxt Bakıda yerləşən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) bu sahədə Azərbaycanın mədəni liderliyini və Türk dünyası ilə əlaqələri yüksək səviyyədə inkişaf etdirmək istəyini əks etdirir. Bu gün Türk Dövlətləri Təşkilatı strukturlaşmış, siyasi iradə ilə yönlənən və qlobal sistemə inteqrasiya olunmuş bir güc platforması kimi formalaşır. Məqsəd yalnız əməkdaşlıq formatlarını optimallaşdırmaq deyil, həm də Türk dövlətlərinin beynəlxalq münasibətlərdə vahid strateji mövqedən çıxış etməsini təmin etməkdir. Əməkdaşlıq sahələri təkcə siyasət və təhlükəsizliklə məhdudlaşmır. TDT çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər istiqamətlər üzrə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir. Türk dövlətləri arasında həmrəylik, inteqrasiya və qarşılıqlı etimadın dərinləşməsi TDT-ni getdikcə mötəbər beynəlxalq təşkilat səviyyəsinə yüksəldir. Artıq dünya ölkələri bu birliyi regionda sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edir. Gələcəkdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sıx inteqrasiya olunmuş müttəfiqlik modelinə çevrilməsi, onu yalnız türkdilli ölkələr üçün deyil, həm də Avrasiya və Yaxın Şərq regionlarında alternativ sabitlik mərkəzinə çevirəcək. Türk Dövlətləri Təşkilatı bu gün üçün siyasi həmrəylik platforması, sabah üçün isə qlobal güc mərkəzi ola bilər. Bu yolda liderlik, iradə və strateji baxış artıq formalaşıb, indi isə həmin baxışı ortaq siyasi və iqtisadi reallığa çevirmək dövrüdür. Bu yol həm də türk xalqlarının əsrlərlə arzuladığı birlik ideyasının reallaşması deməkdir.
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a açıqlamasında deyib ki, Türk Dövlətləri Təşkilatı birləşdirici rol oynamaqla yanaşı, həm də böyük Avrasiya regionunda ciddi güc mərkəzinə çevrilməkdədir. Deputatın sözlərinə görə, TDT beynəlxalq, qlobal siyasətdə xüsusi çəkiyə malik qərarlar almağa başlayıb:
 "Türk Dövlətləri Təşkilatının coğrafiyası Avropa İttifaqının ümumi ərazisindən daha böyükdür. Çindən Avropaya gedən əsas kommunikasiya xətlərinin üzərində, qitələrin kəsişməsində yerləşən bir coğrafiyadan söhbət gedir. TDT-nin 2025-ci ildəki Ümumi Daxili Məhsulu 2.3 trilyon dolları keçib. Bu, "G-7" dövlətlərinin ÜDM səviyyəsinə çatmaq deməkdir. Əlbəttə, bu prosesdə Azərbaycanı və liderimiz cənab İlham Əliyevin rolunu xüsusi qeyd etməliyik. Təməli 2009-cu il Naxçıvanda qoyulan və zamanla dünya səviyyəli təşkilata çevrilən Türk Dövlətləri Təşkilatı artıq qlobal qurum kimi çıxış etməkdədir. TDT-nin güclü tərəfi ortaq mədəniyyət və ortaq milli kimlikdir. Bütün bunların kontekstində böyük quru sahəsini, Avrasiyanı birləşdirən bir təşkilatdır. TDT həqiqətən də bir stabilizator rolunu oynayır. Xüsusən sön dönəmlərdə dünyada baş verən münaqişələri, böhranları nəzərə alsaq, TDT Avropa İttifaqı və NATO kimi təşkilatlarla eyni səviyyədə öz sözünü deyən təşkilata çevrilməkdədir". 
Parlamentari vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının coğrafiyası, əhalisi də diqqətçəkəndir: 
"Təşkilat 200 milyondan artıq gənci birləşdirir, türk ölkələrində orta yaş 28-32 arasıdır. Heç bir dünya ölkəsində buna rast gəlmək mümkün deyil. Avropa İttifaqında yaşlanan, qocalan bir toplumu görürük. Həmçinin, TDT ölkələri təbii resurslar, neft-qaz yataqları, uran, litium, qızıl, pambıq, dünyanın strateji məhsuluna çevrilmiş şirin su ehtiyatları, buğda və s. sərvətlərlə də olduqca zəngindir. Geosiyasi və hərbi-təhlükəsizlik baxımından da TDT-nin yüksəlişi göz önündədir. Qəbələ Sammiti ilə quruma sədrlik Azərbaycana keçir. Sədrliyin böhranlı vaxtda Azərbaycana həvalə edilməsi də təsafüdi deyil. Azərbaycan sədrlik etdiyi bütün təşkilatlarda çox böyük naliyyətlər əldə edib. Qoşulmama Hərəkatının, COP təşkilatının imicini qaldırmışıq. Qəbələ Sammiti ilə Türk Dövlətləri Təşkilatı yeni bir səhifəyə, yeni dövrə qədəm qoyur. Bu da bilavasitə Azərbaycan və onun liderinin töhfəsi ilə baş verir. Yeni mərhələ daha ciddi siyasi inteqrasiya, daha ciddi hərbi inteqrasiyadır".