Paşinyan Putinlə görüşmək üçün sabah Moskvaya gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.

"Armenpress"in məlumatına görə, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Səfər çərçivəsində Baş nazir Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Kreml də aprelin 1-də Vladimir Putinin Moskvada işgüzar səfərdə olacaq Ermənistanın Baş naziri Nikol Paşinyan ilə danışıqlar aparacağına dair məlumat yayıb, görüşdə müzakirə olunacaq məsələləri açıqlayıb.

Məlumata görə, Putinin Paşinyanla görüşündə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Avrasiya məkanında əməkdaşlıq, habelə regional gündəmin aktual məsələləri, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı müzakirə olunacaq.