“Ermənistan Avropa İttifaqının (Aİ) standartlarının tətbiqi prosesinin tempini azaltmaq niyyətində deyil, amma Rusiyanın iştirakı ilə həyata keçirilən təşəbbüsləri ya ləngidir, ya da dondurur”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bizim iştirakımızla həyata keçirilən mühüm təşəbbüslər ləngidilir və ya dondurulur. Bununla belə, bizə davamlı olaraq “onların müzakirəsinə seçkilərdən sonra qayıdacağıq” deyirdilər. Amma İrəvanda heç kəs Avropa standartlarının tətbiqi məsələsində tempin azaldılmasını düşünmür”, - diplomat bildirib.
Zaxarova qeyd edib ki, İrəvan müxtəlif memorandumlar və çərçivə planları imzalayır, əvvəllər “ənənəvi və etibarlı tərəfdaş”ın həmişə Moskva olduğu sahələrdə də Qərb paytaxtları ilə əməkdaşlıq qurur:
“Seçkilərdən əvvəl Qərb ölkələri ilə strateji tərəfdaşlıq haqqında bağlanmış bəyannamələrin bütöv paradı keçirildi. Hətta Rusiyanın məğlubiyyətini arzulayan və ölkəmizə qarşı yeni sanksiya paketləri tətbiq edən dövlətlərlə də belə sənədlər imzalandı”.
O əlavə edib ki, Nikol Paşinyan hökumətinin Rusiya ilə əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsinin vacibliyi barədə bəyanatları onun Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlarla uzlaşmır:
“Ermənistan rəsmilərinin Moskvanın mühüm tərəfdaş olması, İrəvanın Rusiya ilə münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək niyyəti barədə açıqlamalarını eşitmişik. Amma təəssüf ki, Ermənistan rəhbərliyinin açıq şəkildə Avropa İttifaqına üz tutmaq istəyi fonunda sözlərlə əməllərin üst-üstə düşdüyünü görmürük”.