“Hakimiyyət müxalifətin təsir imkanlarını məhdudlaşdırmağa çalışır”
“Müxalifət zəif görünsə də, ümumi mandat üstünlüyü yarada bilər”
Ermənistan parlamentinin sədri Alen Simonyan və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının bir qrup deputatı seçki rüşvətinin verilməsi və alınmasına görə əvvəllər müəyyən edilmiş cəzanı dəyişdirəcək yeni qanunvericilik təşəbbüsü irəli sürüb. Təşəbbüsə əsasən, seçki rüşvəti və onun alınması ilə bağlı mövcud həbs müddətlərinin artırılması planlaşdırılır. Parlament sədri bu addımı sosial şəbəkə paylaşımında açıqlayaraq, kiçik maddi təkliflər qarşılığında seçki qanunlarını pozmağın ciddi hüquqi nəticələr doğurduğunu vurğulayıb. Qanunvericilik təşəbbüsü Ermənistanda seçkiqabağı siyasi mühitin daha da gərginləşdiyi bir dövrdə gündəmə gəlib. Xatırladaq ki, bir sıra müxalif partiya nümayəndələri, o cümlədən Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasına yaxın şəxslər barəsində seçki rüşvəti ittihamı ilə cinayət işləri açılıb və saxlanılmalar həyata keçirilib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Mövzunu şərh edən politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, Ermənistanda seçki prosesi təkcə rəqabət mühiti ilə deyil, həm də siyasi balansı dəyişməyə yönəlmiş inzibati və təşkilati mexanizmlərlə müşayiət olunur. Politoloq hesab edir ki, hakimiyyət düşərgəsi müxalif qüvvələrin təsir imkanlarını məhdudlaşdırmaq üçün müxtəlif alətlərdən istifadə edir və bu, parlamentdə qüvvələr nisbətinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, seçkiqabağı mərhələdə xaricdə yaşayan ermənilərin səsvermə hüququnun məhdudlaşdırılması da bu kontekstdə qiymətləndirilməlidir:
“Bu addım xüsusilə Rusiyada yaşayan seçicilərin prosesdən kənar qalmasına səbəb olur ki, bu da siyasi nəticələrə təsirsiz ötüşmür. Bütün bu addımlara baxmayaraq, müxalifətin, xüsusilə də revanşist mövqedə dayanan qüvvələrin sosial və ideoloji dayaqları hələ də möhkəmdir. Bu amil seçki yarışını daha da mürəkkəbləşdirir və Paşinyan komandası üçün tam siyasi üstünlük əldə etməyi çətinləşdirir. Nikol Paşinyanın əsas hədəfi sadəcə parlamentdə çoxluq deyil, mütləq qələbə qazanmaqdır. Lakin mövcud siyasi mənzərə göstərir ki, müxalif partiyaların ayrı-ayrılıqda zəif görünməsinə baxmayaraq, onların ümumi mandat potensialı hakimiyyət düşərgəsi üçün ciddi rəqabət yarada bilər. Belə ki, Paşinyana müxalif partiyalar ayrı-ayrılıqda az yer qazansalar da, birlikdə onların ümumi mandat sayı Paşinyan blokundan çox ola bilər. Belə olan halda Baş nazirin "Vətəndaş Müqaviləsi" partiyası üstünlüyü itirə bilər. Bu vəziyyət digər partiyaların koalisiya hökuməti formalaşdırması üçün imkanlar yaradır. Ona görə də Paşinyan komandasının əsas mübarizəsi mütləq səs sahibi olmağa hesablanıb”.