Rəsmi Bakı: Cənubi Qafqazda real sülh mövcuddur, Azərbaycan səylərini davam etdirəcək

"Qafqazda sülh şəraitində yaşamağı öyrənirik".

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, biz Qafqazda sülh şəraitində yaşamağı öyrənirik. Bu, sadə səslənsə də, əslində, mürəkkəb və yeni bir prosesdir. Çünki Qafqaz uzun müddət sülh təcrübəsinə malik olmayıb. Bu gün isə bu hiss tamamilə yeni və dəyərli bir təcrübədir və onu qorumaq, praktik addımlarla möhkəmləndirmək vacibdir. Sülh yalnız müharibənin olmaması demək deyil, bu daha geniş anlayışdır və kompleks yanaşma tələb edir. Keçmişin çətinliklərini inkar etmək mümkün deyil, lakin biz artıq gələcəyə baxırıq. Bu yanaşma Azərbaycanın xarici siyasətində də özünü göstərir. Ölkə yalnız Cənubi Qafqazla məhdudlaşmır, eyni zamanda çoxşaxəli geosiyasi kimliyini inkişaf etdirir. Bir tərəfdən Azərbaycan Cənubi Qafqaz ölkəsidir, digər tərəfdən isə Mərkəzi Asiya ilə etnik və mədəni bağlılıqlara malikdir. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyasının bir hissəsidir. Bundan əlavə, Yaxın Şərqə yaxınlığı da ölkəyə əlavə geosiyasi imkanlar yaradır. Türkiyə–Azərbaycan–Suriya əməkdaşlığı bunun bariz nümunəsidir. Nəticə etibarilə, Cənubi Qafqazda real sülh mövcuddur və Azərbaycan bu sülhün möhkəmləndirilməsi üçün bütün səylərini davam etdirəcək. Azərbaycanın diplomatik cəsarəti nəticəsində regionda qısa müddətdə real, faktiki sülh əldə olunub. Müqayisə üçün qeyd edim ki, Avropada İkinci Dünya müharibəsindən sonra sülh razılaşmalarına gəlmək illər çəkdi. Ermənistan və Azərbaycan isə 2023-cü ildən sonra iki ildən az müddətdə praktik və praqmatik addımlarla real sülhə nail ola bilib”, - deyə Hikmət Hacıyev qeyd edib.