Rusiya qürub çağındadır, bu ölkənin bütün çabaları əbəsdir - RƏY

  • Əkrəm Bəydəmirli: "Moskva bütün resurslarını səfərbər etsə də, nüfuzunu itirməkdə davam edir"

“Dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir. Müşahidilər göstərir ki, Rusiya qürub çağındadır. Bu ölkənin bütün çabaları əbəsdir. Dünya - Qərb, Cənubi Qafqaz və ən əsası bu ölkənin daxilində boğulan xalqlar Rusiya təqibindən, kabusundan qurtulmaq istəyir”.

Bu fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamsında Rusiyanın imperiya ambisiyalarından danışarkən dedi: 

- Qarşılıqlı hörmətə söykənən normal əməkdaşlıq əvəzinə Rusiya imperiya iddialarını önə çəkir. Ermənistandakı parlament seçkilərində bütün resurslarını işə salaraq, revanşistlərə, Xocalı qatillərinə və digər ruspərəst qüvvələrə dəstək olmaqla Şimal qonşumuz öz nüfuzunu daha da itirdi. Bu onu göstərir ki, dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir. Bəlkə də neytral mövqeydə qalsaydı, bu prosesdən daha urvatlı çıxardı. Amma görünən odur ki, hay məmləkətinin parlament seçkisində uduzan Rusiya indi də TRIPP layihəsinə girişib. Bu kəmər vasitəsilə öz mövcudluğunu və regionda nəzarətini qoruyub saxlamaq istəyir. Çirklənmiş Rusiya kanalları vasitəsilə Zəngəzur dəhlizinin çəkilməsi Rusiya ilə bərabər İranın da maraqlarına zidd olduğu bildirilirdi. Hətta Ermənistanın keçmiş prezidenti Robert Köçəryan seçkiqabağı çıxışlarında TRIPP xəttinin Azərbaycanın və Türkiyənin maraqlarına xidmət etdiyini və bu layihəyə yenidən baxacaqlarını bildirmişdi. Təbii ki, bu vələdiznanın yüyəni Moskvanın əlində olub və gələn təlimatlara uyğun olaraq o, çıxış edib. Amma görünən odur ki, müharibələrə, davam edən münaqişələrə baxmayaraq, çağdaş dünyada imperiya iddiaları, dağıdıcı proksi silahlı qüvvələr vasitəsilə vəziyyətə nəzarət etmək cəhdləri uğursizluğa düçar olur. Azad, müstəqil yaşamaq istəyən xalqlar çoxkonfiqurasiyalı məkrli planları mənfi qarşılayır. Ukraynanın apardığı ədalətli müharibə, işğalçıya qarşı dirənişi bir daha göstərir ki, işğalla, zorakı vasitələrlə xalqların iradəsini sındırıb imperiya iddialarını gerçəkləşdirmək mümkünsüzdür.