Erməni türkoloq Ruben Safrastyan deyib ki, "Hazırda Cənubi Qafqaz dünyaya daha çox açılma mərhələsindədir, ona görə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bu prosesin mühüm tərkib hissəsidir”. O, əlavə edib ki, Türkiyə rəhbərliyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin müsbət nəticələnməsinin tərəfdarıdır. Safrastyanın sözlərinə görə bu, Ankaranın da xeyrinə olacaq.
Sabiq səfir, İMZA İB Türkiyə təmsilçisi Hulusi Kılıç Sherg.az-a açıqlamasında Cənubi Qafqazın, şərq ilə qərb arasında körpü rolunu oynadığını vurğulayıb:
"Uzun illər ərzində Cənubi Qafqazdakı anlaşılmazlıqlar və Ermənistanın Azərbaycan torpaqlarını işğalı bu bölgəni dünyaya qapalı vəziyyətdə saxlayıb. Lakin 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq diqqət Cənubi Qafqaza yönəldi. Azərbaycan Ermənistana sülh sazişi təklif etdi və bu saziş 8 avqust 2025-ci ildə Vaşinqtonda hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflandı. Bu o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq. ATƏT-in Minsk Qrupundan sonra Azərbaycanın yeganə tələbi Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsidir. Bu, Cənubi Qafqazda yeni və canlı bir prosesdir. Dünyanın gözü bu prosesdədir. Digər tərəfdən, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşma prosesi də davam edir. Belə ki, Ermənistan-Azərbaycan sülh sazişi prosesində digər tərəfdən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi də başlayıb. 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Türkiyə ilə Ermənistan arasında sərhəd bağlanıb və diplomatik münasibətlər mövcud olmayıb. Lakin 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda Türkiyə-Ermənistan arasında yeni bir dövr başlayıb. Bu, bölgədə yeni dinamizm və canlanmanın nümunəsidir. Əlavə olaraq, son ay Azərbaycan Orta Asiya Dövlətləri Konsultasiya Məşvərət Formasına tam üzv olub. Bu, Orta Asiya dövlətlərinin Cənubi Qafqazla maraqlandığını göstərir. Eyni zamanda Türk Dövlətləri Təşkilatının gündəmində də Cənubi Qafqaz yer alır".
Sabiq səfir erməni türkolog Ruben Safrasyanın bəzi müşahidələri doğru olsa da, bu müşahidələrin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsini tam əhatə etmədiyini söyləyib:
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, yəni sülh sazişinin imzalanması ilə bu proses daha mənalı olacaqdır. Yalnız Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bu problemi həll etməyəcəkdir. Türkiyə, Atatürkün “yurtta sulh, cihanda sülh” prinsipi əsasında xarici siyasətini yürüdür. Türkiyənin məqsədi qonşularla yaxşı münasibətlər qurmaq, şərq və qərb arasında körpü rolunu oynamaq və dünya sülhünə töhfə verən bir ölkə olaraq tanınmaqdır. Prezidentin arzusu da budur. Lakin hər zaman qeyd edildiyi kimi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından asılıdır. Öncə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, daha sonra isə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prioritetdir. Bu, Türkiyənin uzun illər bəyan etdiyi və dünya ictimaiyyətinə açıqladığı mövqedir. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsinə diqqət yönəltildiyindən, Cənubi Qafqaza diqqəti azalıb. Lakin Türkiyə-Rusiya münasibətləri qarşılıqlı fayda prinsipi əsasında davam edir. Eləcə də Rusiyanın Ankara üzərində xüsusi təsiri yoxdur. 8 avqust 2025-ci ildə Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı qəbul edilən qərar da Cənubi Qafqaza yeni baxış gətirdi. Nəticədə, Cənubi Qafqaz günbəgün diqqət mərkəzinə çevrilir və bölgənin dünyaya açılması prosesi sürətlənir".
Müsahibimiz bildirib ki, Türkiyə və Azərbaycan qonşularla sülh və əməkdaşlıq içində olan Cənubi Qafqaz yaradılmasını arzulayır:
"Hər şey Ermənistanın addımlarından asılıdır. Ermənistan tez bir zamanda Konstitusiyasında Azərbaycan torpaqları ilə bağlı maddəni çıxarmalı və sülh sazişini imzalamalıdır. Daha sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi başlayacaq. Zəngəzurla bağlı işlər artıq davam edir.Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın sülh, əməkdaşlıq və yaxşı qonşuluq!".