"Eskalasiya davam edərsə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları III Dünya müharibəsinə çevrilə bilər".
Teleqraf xəbər verir ki, bu fikirləri amerikalı iqtisadçı və Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru professor Ceffri Saks deyib.
O, Yaponiyanın Nikkei Asia portalına verdiyi müsahibədə qeyd edib ki, "Müharibə yalnız ABŞ və İsrail təcavüzünə qarşı qlobal qəzəb və narazılıq bu ölkələri dayandırmağa məcbur edərsə, dayanacaq: "Əks təqdirdə, çox güman ki, Yaxın Şərqi alovun bürüdüyünə şahid olacağıq. Bu münaqişə asanlıqla qlobal yanğına, faktiki olaraq Üçüncü Dünya müharibəsinə çevrilə bilər".
Saks əlavə edib ki, ABŞ və İsrail ərəb dünyasında və Qərbi Asiyada hegemonluq əzmində olduqları üçün döyüşlər nəzarətdən çıxa bilər. Onun fikrincə, hər iki ölkə bütün tarixi Fələstini udmaq, ərəb ölkələrini suverenliklərindən məhrum etmək və regionun neft və qaz ixracatını nəzarətə götürmək üçün "Böyük İsrail"in yaradılmasını əsas məqsəd kimi görür.
Professor vurğulayıb ki, Amerika administrasiyası və yəhudi dövləti region ölkələrinin İsrailin bu qədər nəzarətsiz davranmasını istədiyini düşünməkdə yanılırlar. Ekspertin sözlərinə görə, heç bir ölkə ABŞ-nin enerji ixracına nəzarət etməsini istəməz. Saks xəbərdarlıq edib ki, Yaxın Şərqdə düşmənçilik davam edərsə, dünya görünməmiş enerji böhranı ilə üzləşəcək və bunun iqtisadi nəticələri fəlakətli ola bilər.