Tramp niyə Ərdoğan və Paşinyanı seçdi? - ŞƏRH

Qəzza üçün sülh masası quruldu, amma suallar çoxdur

2023-cü il 7 oktyabr tarixində Fələstinin siyasi-hərbi hərəkatı olan, HƏMAS-ın İsrailə hücumu ilə Yaxın Şərqdə yeni və qanlı mərhələnin qapısı açıldı. Həmin gündən bəri davam edən münaqişə, sərhəddən kənara çıxaraq, dinc insanların qətlinə səbəb olan soyqırıma çevrildi. Son məlumatlara görə, təxminən 72 437 fələstinli həyatını itirib. İnsanlıq, bələyə sarılmalı olan, körpələri kəfənə bürünən gördü. Dünya çöllərdə başıboş gəzən, nə səsi eşidilən, nə adı çəkilən yetimlərin səssiz kimsəsizliyinə şahid oldu. Faciənin qarşısının alınması məqsədilə diplomatik müstəvidə aparılan çoxsaylı danışıqlar isə indiyədək real nəticə verməyib. Hazırda diqqətlər, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü Qəzza ilə bağlı Sülh Şurası təşəbbüsünə yönəlib. Təşəbbüs çərçivəsində təxminən 60 ölkəyə dəvət göndərildiyi bildirilir. İlk rəsmi tədbirin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçiriləcəyi gözlənilir. Trampın qurucu üzv qismində xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Ermənistanın Baş naziri Nikol Paşinyanı dəvət etməsi beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. Lakin planlaşdırılan təşəbbüsün real və davamlı nəticə verib-verməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov, Sherg.az-a açıqlamasında bildirib ki, belə təşəbbüslər ardıcıl gündəm və real mexanizmlərlə dəstəklənməsə, simvolik xarakter daşıya bilər.

“Trampın təşəbbüsü ilə Qəzza mövzusunda sülh şurasının yaradılması, əsasən beynəlxalq diqqəti bölgəyə yönəltmək və tərəfləri dialoqa təşviq etmək məqsədi daşıyır. Qəzza böhranı çoxqatlı və regional güclərin maraqları ilə sıx bağlı olduğundan təkcə bir şuranın mövcudluğu münaqişəni həll etməyə kifayət etməz. Bununla belə, beynəlxalq legitimlik qazandırmaq və tərəfləri masa arxasında toplamaq baxımından müəyyən müsbət təsir göstərə bilər”. 

Politoloq, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Nikol Paşinyanın qurucu üzv qismində dəvət olunmasına da aydınlıq gətirib:

“Trampın təsisçi üzv kimi Ərdoğan və Paşinyanı seçməsi diqqətəlayiqdir. Ərdoğan Türkiyənin müsəlman dünyasında nüfuzunu və Qəzza məsələsində fəal mövqeyini təmsil edir. Türkiyə lideri, şuraya regional rezonans və islam dünyası ilə əlaqə gətirir. Paşinyanın seçilməsi isə daha çox balans yaratmaq, fərqli siyasi təcrübəyə malik birini prosesə daxil etməklə “tərəfsizlik görüntüsü” formalaşdırmaq məqsədi daşıya bilər. Beləliklə, biri emosional və dini rezonanslı mövqeni, digəri isə daha texniki və diplomatik neytrallığı simvolizə edir. Nəticə etibarilə, şura yalnız simvolik platforma olaraq qalma riski daşıyır. Əgər davamlı mexanizmlər və real siyasi iradə ilə dəstəklənərsə müəyyən müsbət nəticələr əldə etmək mümkündür”.

Aybəniz Səfərova