Partiya sədri iş otağında saç düzəltdirməsi məsələsinə aydınlıq gətirdi
"Bizim partiyada heç kimə maaş verilmir, tutulan vəzifədən asılı olmayaraq"
AĞ Partiyanın sədri Tural Abbaslının kabinetinə bərbərin gəlməsi sosial şəbəkələrdə və ictimai müzakirələrdə diqqət çəkən mövzuya çevrilib. Siyasi fiqurun iş otağında saç düzəltdirməsi bəzi dairələr tərəfindən qeyri-adi hal kimi təqdim olunub. Sözügedən görüntülərdən sonra siyasi xadimlərin şəxsi davranışlarının ictimai maraq doğurması faktı bir daha gündəmə gəlib.
Məsələylə münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az- a söyləyib ki, bərbər dediyimiz şəxslə on üç illik dostluğumuz var:
“Əvvəllər də eyni partiyada olmuşuq, indi də həm eyni partiyadayıq, həm də dostuq. O, şəhərdə daimi işləmir, müəyyən günlərdə gəlir və gedir. Sağ olsun, şəhərə gələndə zəng edir ki, ehtiyac varsa, gəlib saçımı düzəltsin. Yəni, burada onun sabit bir iş yeri yoxdur ki, mən gedim ora. Ona görə də imkan olduqca saçımı ona düzəltdirirəm. Amma o olmayanda mütəmadi getdiyim bir bərbər var, ora gedirəm. Yəni, xüsusi olaraq hansısa bərbər axtarmıram. Bizdə bu məsələyə xüsusi yanaşma yoxdur. Hətta özü dedi ki, belə bir şəkil çəkə bilərik. Dedim. Niyə də yox? Təbii ki, siyasi və ya mədəniyyət xadimlərinin atdığı addımlar, etdiyi hərəkətlər cəmiyyət üçün maraqlı ola bilər. Ona görə də çalışıram addımlarımda, hərəkətlərimdə, paylaşımlarımda və ümumən həyat tərzimdə doğru mövqe nümayiş etdirim. Bu baxımdan özümü xüsusi şəkildə önə çıxaran biri hesab etmirəm. Belə desək, yekəxana deyiləm”.
Partiya sədr bildirib ki, partiyaların maliyyələşmə mexanizmi bəllidir:
“Parlamentdə təmsil olunan və olunmayan partiyaların maliyyələşmə qaydaları mövcuddur. Məbləğlər isə çox simvolikdir. Məsələn, bizim partiya ötən il maliyyə ala bilmədi. Sənədləşmə ilə bağlı problemlər yarandı. Ona görə faktiki olaraq maliyyələşmə olmadı. Hazırda maliyyə əsasən partiya üzvlərinin üzvlük haqları, ianələri və dostların şəxsi təşəbbüsləri hesabına formalaşır. Təəssüf ki, Azərbaycanda partiyaların fəaliyyəti əsasən dövlət büdcəsi hesabına deyil, şəxsi təşəbbüslər hesabına davam edir. Bu təşəbbüslər olmasa, partiyalar minimal səviyyədə belə fəaliyyət göstərə bilməz. Reallıq budur: maliyyə yoxdur. Bizim kimi partiyalarda könüllülük prinsipi əsasdır. Partiyada heç kimə maaş verilmir, tutulan vəzifədən asılı olmayaraq. Bu baxımdan xüsusi aylıq və ya əlavə maliyyə mexanizmləri də mövcud deyil”.