Bahar Muradova: "Bizə elə gəlir ki, gündə 7 qadın məişət zorakılığından ölür, amma elə deyil"

Milli Məclisin iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı” müzakirəyə çıxarılıb. 
"Sherg.az" bildirir ki, məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. Q
eyd edilib ki, Azərbaycanda 2022-ci ildə qeydə alınmış cinayət hadisələri üzrə 25 min 449 zərərçəkmiş şəxsin 7455-i qadınlar olub. Zərərçəkmiş qadınlardan 2945-i xəsarət alıb, 309-u isə ölüb. Onlardan 24-ü yetkinlik yaşına çatmayan olub. Azərbaycanda 2022-ci ildə 15 nəfər qadının cinsi zorakılığa məruz qalması ilə bağlı təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Məişət zorakılığı ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1175, xəsarət alan qadınların sayı 1132 olub. 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 2021-ci illə müqayisədə artıb. 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 olub ki, onlardan 2-si yetkinlik yaşına çatmayan şəxslərdir. Qeyd edək ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

Dövlət Komitəsinin sədri boşanmaların əsas səbəbini açıqlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, boşanmalarla bağlı məsələ Ədliyyə Nazirliyinin səlahiyyətindədir və biz onlarla birlikdə bu prosesdə iştirak edirik. O bildirib ki, problemli boşanmalar zamanı nazirlik Dövlət Komitəsinə müraciət edir: “Ötən il nikahın xitamına dair bir konfrans keçirdik. Konfransda kifayət qədər ciddi müzakirə oldu və biz nəticələrlə bağlı tövsiyələrimizi aidiyyəti qurumlara verdik. Boşanmaların bir çoxu ailədə iqtisadi vəziyyətlə bağlı olurşa, boşandıqdan sonra bu vəziyyət daha da kəskinləşir. Buna görə də biz Aliment Fondunun yaradılması ilə bağlı təklifləri vermişik”.

Dövlət Komitəsinin sədri: "Erkən nikahlar artır"

Bahar Muradova deyir ki, erkən nikahlar artır. O bildirib ki, uşaqların doğulanadək cins seçiminə məruz qalması ilə bağlı problem hələ də qalmaqdadır: "Erkən nikahların dinamikasında da nisbi artım var. Keçən il 269 erkən evliliyin qarşısı alınıb. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı təhlil hazırlanıb. Bunun nəticəsi də onu deməyə əsas verir ki, biz 18 yaşdan aşağı ailə qurmağa icazə ilə bağlı istisna halı aradan qaldırmağa dəstək verməliyik”.

"Boşanmaların sayının artmasının səbəbləri araşdırılmalıdır"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı son dövrlərdə boşanmaların sayının artması problemini qaldırıb. Onun sözlərinə görə, boşanmaların sayının artmasının səbəbləri araşdırılmalıdır: “Boşanmaların sayı artmaqdadır. Bunun səbəbləri araşdırılmalıdır. Sosial şəbəkələrdə paylaşılan statistikaları görürük. Boşanan insanlarla danışıqlar aparılırmı?”.

"Gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür"

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qadınların öldürülməsi ilə bağlı xəbərlərə diqqət çəkib. O deyib ki, mətbuatı açırsan, qardaş bacısını öldürdü, ər arvadını baltaladı və s. tipli xəbərlər var. Deputat qeyd edib ki, elə gün olur Azərbaycanda 7, elə gün olur 2 qadın öldürülür: “Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur. Burada “TikTok”un, yeni texnologiyaların rolu var, bu məsələ araşdırılmalıdır. Bu cinayətlər istənilən yerdə - küçədə, konsert salonlarında baş verir. Əvvəllər bu hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də belədir. Rusiyaya çıxıb gedir, gəlib birinci həyat yoldaşını öldürür. İkincisi, gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür. Televiziyada da bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Göstərirlər, bilməyənlərə də öyrədirlər”.

"Bizə elə gəlir ki, gündə 7 qadın məişət zorakılığından ölür. Amma elə deyil"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, 2022-ci ildə cəmi 51 nəfər məişət zorakılığı ilə bağlı hadisələr nəticəsində ölüb: “Bəzən hadisənin daha dəhşətli görünməsinə səbəb onun çox müzakirə olunmasıdır. Ona görə də bizə elə gəlir ki, gündə 7 qadın məişət zorakılığından ölür. Amma elə deyil. Biz zorakılıq törədən kişiləri reabilitasiyaya cəlb etməliyik, onlarla psixoloji olaraq işləməliyik. Bunun üçün belə mərkəzlər yaradılmalıdır. Amma bu vaxt alan prosesdir, biz bunu etməliyik”.

"Qızların ana olmaq istəməməsi böyük problemdir"

Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycanda həmişə var olan möhkəm ailə institutu dağılır: "Boşanmalar, abort halları, qızların ana olmaq istəməməsi böyük problemdir”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, qanunvericilikdə çoxuşaqlı ailələrin sayı məsələsinə baxmaq, uşağın sayını aşağı endirmək olar: "Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər də həll edilə bilər”.