Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.
Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddətinin iki dəfə uzadılmaqla vergidən azad edilmişdi.
Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, sözügedən qərar yeni tətbiq edilmir:
"Sadəcə olaraq verilən qərarın müddəti uzaldılıb. Bu səbəbdən qərarın çörəyin qiymətinə ciddi bir təsiri olmayacaq. Qərar əsasən indiki vəziyyəti saxlamaq üçündür".
İqtisadçı çörəyin qiymətinə təsir edən əsas məsələnin buğda qiymətləri olduğunu vurğulayıb:
"Azərbaycan buğdanın cəmi 25%-ni özü təmin edə bilir. Yerdə qalan 75% xaricdən alınır. Bu səbəbdən də çörəyin qiymətinə təsir edə biləcək əsas məsələ dünya bazarlarında buğdanın qiymətidir. Sözügedən sahədə hələ ki vəziyyət yaxşıdır. Hətta 2022-ci ilə nisbətən 2023- cü ildə buğda qiymətlərində ucuzlaşma olub. Bu nöqtəyi nəzərdən çörəyin qiymətində sabitləşmə, ucuzlaşma olacağını demək mümkündür. Lakin səbəb vergi güzəştləri deyil, ümumi dünya bazarındakı buğda qiymətinə görə baş verə bilər".