Bakı Beynəlxalq Hava Limanında sərnişinlərə qırıq çaydan və stəkanda çay təqdim edilməsi tənqidlə qarşılanıb.
Bu barədə jurnalist Çingiz Səfərli öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Reysin 3 saat gecikdiyi Bakı Beynəlxalq Aeroportunda 8 manata qırıq stəkanda, qırıq qapaqlı çaydanda çay... Stəkanın biri də çay süzüləndə qırıldı, guya dəyişib yenisini verdilər. Qəbz də vermirlər, tam qanunsuz fəaliyyətdir...”
Məsələni dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki, kafe və restoranlarda qiymət tənzimlənmə mexanizmi yoxdur:
"Kafe və restoranların iki öhdəliyi var. Birincisi onlar satışda əldə etdikləri gəlirdən düzgün olaraq vergi ödəməli, digəri isə insan sağlamlığına ziyan vuran məhsulları bazara cıxarılmasına imkan verməməlidilər. Bu iki mexanizm dövlətin əlindədir, bu yolla nəzarət edə bilirlər. Ona görə də istənilən kafedə, həmçinin hava limanının özündə də qiymətlərin hansısa bir yolla idarə edilməsi mümkün deyil. Ümumiyyətlə qadağaların qoyulması da qanunla doğru deyil. Ancaq qəbz verilmirsə, bu qanun pozuntusudur. Belə çıxır ki, onlar vergidən yayınırlar. Buna görə məsuliyyət daşıyırlar. Əlaqədar orqanlar bununla bağlı tədbir görməlidir".